“Səfirliklə əməkdaşlıq edən bəzi vəkillər mühacirlər haqqında yalan məlumat ötürür”
Almaniyada Azərbaycandan olan mühacirlər Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin mərkəzi binasının qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın məqsədi Azərbaycandan olan mühacirlərə pis münasibətə etiraz etmək olub.
Mitinqdə Almaniyanın müxtəlif şəhərlərindən olan azərbaycanlı mühacirlər iştirak ediblər. Bu barədə məlumat verən “Demokratik Azərbaycanı seç” adlı təşkilatın İdarə Heyətinin əlaqələndiricisi Rafiq Təmrazov bildirib ki, aksiya zamanı Almaniya hökumətinə ünvanlanan müraciətdə müxtəlif şüarlar səsləndirilib. Aksiya iştirakçıları xüsusən, sığınacaq üçün müraciət edənlərin ədalətli şəkildə dinlənilməməsinə, müsahibələrdə iştirak edən azərbaycanlı tərcüməçilərin Azərbaycan hökuməti tərəfindən nəzarətə götürülməsinə, Almaniyanın Bakıdakı səfirliyilə əməkdaşlıq edən, Vəkillər Kollegiyasının üzvü olan bəzi şəxslərin ünvanlanan sorğulara qərəzli cavablarına və mühacirət üçün müraciət etmiş insanların şəxsi məlumatlarının Azərbaycan hökumətinə ötürülməsinə və s. etirazlarını ifadə ediblər: “Hakimiyyət dairələrinin maddi resurslarıyla yaradılan və fəaliyyət göstərən media orqanlarında Avropada yaşayan mühacirlərə qarşı qarayaxma kampaniyası aparılır. Xarici ölkələrə mühacirət etmiş siyasi fəallar hədələnir, heç bir sübut-dəlil olmadan onların haqqında cinayət işi başlanır, onların Azərbaycanda qalan yaxınlarına təzyiq göstərilir”.
150-yədək insanın qatıldığı aksiyada iştirakçılar həmçinin Almaniyada azərbaycanlıların inteqrasiyasına şərait yaradılmasını tələb ediblər.
Aksiya iştirakçılarının imzaladığı müraciət rəsmi qaydada Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinə təqdim olunub. Müraciət eyni zamanda, Almaniyanın başqa dövlət strukturlarına, beynəlxalq insan haqları təşkilatlarına da göndərilib.
Azadliq.info