Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirir ki, ötən ay «hicab məhbusları»ndan biri kimi tanınan Telman Şirəliyev haqqında əlavə cinayət işi açılıb.
Bu barədə Azadlıq Radiosuna danışan hüquq müdafiəçisi hesab edir ki, yeni ittiham sırf siyasi məqsəd daşıyır.
«Hakimiyyət çox pis bir tendensiyanın əsasını qoyub. Günahsız insanları şərləyib həbs edirlər, cəza müddəti bitəndə həbsdən buraxmamaq üçün onlara qarşı yeni qondarma cinayət işi açırlar», – deyə o vurğulayıb.
Hüquq müdafiəçisi əlavə edib ki, eyni halla bundan öncə keçmiş səhiyyə naziri Əli İnsanov və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim üzləşiblər.
«Sentyabrın sonunda daha bir dindar siyasi məhbus Telman Şirəliyevə cinayət işi açılıb, həbsdən çıxmasına imkan verməyiblər», – deyə o qeyd edib.
O.Gülalıyevin deməsinə görə, məhkəmə qərarı ilə T.Şirəliyev Kürdəxanıdakı 1 saylı İstintq Təcridxanasına köçürülüb: «Bunu yastığının altından biz çıxması ilə əsaslandırıblar. Guya yastığının altından biz çıxıb. Amma əslində… Telman Şirəliyevə bir neçə dəfə aylar öncə təklif ediblər ki, əfv ərizəsi yazsın. O, bu təklifi qəbul etməyib».
Hüquq müdafiəçisinin deməsinə görə, azadlığa çıxmasına sayılı günlər qalan T.Şirəliyev haqqında Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə cinayət işi açılıb. Söhbət cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını zor tətbiq etməklə hədələmədən gedir. Yeni ittiham sübuta yetirilərsə, ona əlavə olaraq 7 ilə kimi həbs cəzası verilə bilər.