Azərbaycan hökumətinin Qarabağda şəhid olan döyüşçülərə ödəniləcək qanpulunun mənimsənilməsi ilə bağlı yeni faktlar üzə çıxır. 1994-cü ildə Füzulinin Kərimbəyli kəndində gedən döyüşlərdə şəhid olmuş 18 yaşlı Qarayev Mənsur Şirvan oğlunun ailəsinə çatacaq pul isə daha böyük rüsvayçılıqla mənimsənilib. Zərdabdan hərbi xidmətə getmiş şəhid Mənsurun yeganə varisi bacısı Yeganə Cəbrayılovadır. O yaxın zamanda qardaşının qanpulu üçün müraciət edəndə məlum olub ki, şəhid olmuş qardaşının qanpulunu 1981-ci ildə vəfat etmiş atası ərizəsi ilə “alıb”. Daha doğrusu, ödənişi oğlunun şəhid olmasından 13 il əvvəl vəfat etmiş atanın adına “rəsmiləşdirib” yeyiblər. Məsələni dəqiqləşdirmək üçün şəhidin ailəsi ilə əlaqə saxladıq. Rəhilə xanımın həyat yoldaşı faktı təsdiqlədi və lazımi sənədləri də təqdim etdi. Məlum oldu ki, sənədlər primitiv səviyyədə düzülüb-qoşulub, hətta notarius tərəfindən də təsdiqlənib. Həmin sənədləri təqdim edirik ki, baş verən rəzalətə özünüz qiymət verəsiniz.