Böyük Britaniyada çıxan “Daily Mail” qəzeti Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın it gəzdirən yerdə fotosunu dərc edib. Müxbir David Wilkes Hacıyevanın geyiminin və itinin qiymətinin birlikdə 10 min funt sterlinq olduğunu qeyd edir.
Belə ki, Harrods mağazasında 16 milyon funt sterlinq xərcləmiş qadının geyimi 8 min 500 funt sterlinqdən bahadır.
O, itini Londonun bahalı Knightsbridge rayonundakı 11,5 milyon funt sterlinqlik malikanəsi yaxınlığında gəzdirib. Qadının ayağında 625 funt sterlinqlik Gucci Ace ayaqqabıları, 530 funt sterlinqlik Gucci zolaqlı idman şalvarı, gözündə 290 funt-sterlinq dəyərində Miu Miu gün eynəyi olub.
Hermes-dən ‘Constance’ əl çantası Hacıyevanın fotoda görünən ən bahalı əşyasıdır, qiyməti 6 min 500 funt sterlinqdir. Qara rəngli gödəkcəsinin isə brendi bəlli olmasa da, müxbir onun dəbinə görə təxminən 800 funt-sterlinq dəyərində olduğunu yazır.
Qadının gəzdirdiyi Pomeranian küçüklərinin qiyməti isə 1000 funt-sterlinqdən başlayır. Məqalədə bu itin ortalama qiymətinin 1500 funt-sterlinq olduğu vurğulanır.
Müəllif yazır ki, itlərinin tökdüyünü yığmayan sahibləri 1000 funt-sterlinqədək cərimə gözləyir. Bu səbəbdən Hacıyevanın iti gəzdirdiyi ipə bağlanmış zibil torbasını görmək “adamı riqqətə gətirir”.
azadliq.org