Səudiyyə Ərəbistanından olan və ABŞ-da yaşayıb fəaliyyət göstərmiş jurnalist, Səudiyyənin İstanbul konsulluğunda qətlə yetirilən Camal Kaşıkçının cəsədi əridilib. Bunu “Frans Pres” agentliyi Türkiyə rəsmisinə istinadla yazır.
Türkiyənin baş prokuroru da bugünlərdə demişdi ki, Kaşıkçı oktyabrın 2-də konsulluğa girən kimi boğulub, onun cəsədi hissələrə ayrılıb və məhv edilib.
“Onun cəsədini təkcə parçalamayıblar, onu əritməklə canlarını qurtarıblar”. Bunu da AKP rəsmisi Yasin Aktay noyabrın 2-də “Hurriyet” qəzetinə bildirib.
Bundan öncə Türkiyədən bir rəsmi “Washington Post ”a demişdi ki, hakimiyyət onun cəsədinin turşuda məhv edilməsi nəzəriyyəsini araşdırır.
“Aldığımız son informasiyaya görə, cəsədi ona görə hissələrə doğrayıblar ki, onu rahatca əridə bilsinlər. Onlar cəsəddən heç bir əlamət qalmamasına əmin olmaq istəyiblər” – deyə, Türkiyə prezidenti Ərdoganın müşaviri olan Aktay vurğulayıb.
Mərhum jurnalistin nişanlısı Xədicə Cengiz isə ABŞ administrasiyasını bu qətl hadisəsinə “dişsiz” münasibət bildirməkdə suçlayıb. O bildirib ki, jurnalistin cəsədinin başına gətirilənlər barbar hərəkətdir.
“İndi günahkarları məsuliyyətə cəlb etmək dünya ictimaiyyətinin vəzifəsidir. Birləşmiş Ştatlar bu işə rəhbərlik etməlidir. Trump administrasiyasının tutduğu mövqenin mənəvi təməli yoxdur”- deyə, Cengiz “Washington Post”, “The Guardian” və digər mətbu orqanlarda dərc olunmuş rəyində qeyd edib.
ABŞ-ın dövlət katibi Mike Pompeo isə noyabrın 1-də deyib ki, səudiyyəli jurnalistin İstanbuldakı konsulluqda öldürülməsinə görə sanksiya tətbiq etmək üçün ABŞ-ın əlində bir neçə həftəyə yetərincə dəlil olacaq.
Pompeo KMOX radiosuna müsahibəsində deyib ki, prezident Donald Tramp Vaşinqtonun bu qətlə reaksiya verəcəyini aydın şəkildə bildirib. Onun sözlərinə görə, administrasiya qətldə əli olduğunu indiyədək müyyənləşdirə bildiyi şəxslərə sanksiyaları nəzərdən keçirir.
“Həmin sanksiyaların qoymaqdan ötrü bir neçə həftəyə əlimizdə yetərincə dəlil olacaq, məncə, onu əldə edəcəyik” – deyə, Pompeo vurğulayıb.