Dövlət Təhlükəsizliyi Xidməti Gəncə şəhərində daha iki nəfəri güllələyərək öldürüb. Xidmətin yaydığı məlumatda öldürülən şəxslər “radikal dini ekstremist qrupun üzvü” kimi təqdim olunur. Bildirilir ki, Rüstəm Rzayev və Famil Ələkbərov adlı bu şəxslər ölkə ərazisində terror aktı planlaşdırırmış.
“2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Amma həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. DTX-nın xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv ediliblər”, – deyə DTX-nın məlumatında bildirilir.
Məlumatda göstərilir ki, hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobildən partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkarlanıb.
Xatırladaq ki, bu ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi və bir neçə gün sonra müəmmalı iğtişaş zamanı 2 polisin öldürülməsindən sonra DTX-nın bu hadisələrlə bağlı “antiterror” adı ilə həyata keçirdiyi əməliyyatlarda buna qədər də 5-7 nəfər öldürülmüşdü.
azadliq.info