Şəhid ailələrindən bir qrupu noyabrın 6-da yenidən Prezident Adminitrasiyasına şikayətə gediblər. Bu dəfə onlar metronun Sahil stansiyasından PA-ya doğru piyada yürüyüblər. Onların hərəkətinə polis müdaxiləsi olub. Bir neçə polis və mülki geyimli şəhid ailələrinin qarşısını kəsərək, onları metroya yönəltmək istəyib, şəhidlərin şəkillərinin qaldırılmasına imkan verməyib. “Biz bunu hüquqlarımızın tapdanması, şəhid adına hörmətsizlik kimi dəyərləndiririk. Biz dövlətin bizə verəcəyi 11 min manat müavinəti istəyirik”, – deyə şikayətçilərdən biri polisin hərəkətinə qiymət verib.
Maneəyə baxmayaraq, şəhid ailələri Administrasiyanın önünə gedə biliblər.
Şəhid ailələri onlara verilməli olan 11 min manat birdəfəlik təzminatın (“qan pulu”) hələ də ödənməməsindən şikayət edirlər. Onlar bildirilər ki, bununla bağlı müraciət etdikləri rəsmi ünvanların heç birindən qane edici cavab ala bilmirlər, ona görə də şəxsən ölkə başçısı İlham Əliyevlə görüşmək istəyirlər.
Lakin bu dəfə də şikayətçiləri Administrasiyada nəinki ölkə başçısının özü, heç nisbətən yuxarı ranqlı hansısa məmur da qəbul etməyib. Şəhid ailələri adından Administrasiyaya buraxılan şəxsləri köməkçinin köməkçisi qəbul edib. Qəbuldan çıxanlardan biri jurnalistlərə deyib ki, onların şikayətini ölkə başçısının iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun köməkçisi qəbul edib. “Biz ona bütün lazımı sənədləri göstərdik və sözümüzü dedik. O bu barədə olduğu kimi məlumat verəcəyini bildirdi. Bizim telefon nömrələrimizi götürdü. Dedi ki, nəticə haqqında bizə özü məlumat verəcək. Biz gözləmə mövqeyinə keçirik”.