Jurnalist ailəsilə “Skype” danışığı istəyir
Bakıdakı 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubları göndərməkdən imtina edir. Bu barədə Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva bildirib.
Mustafayevanın sözlərinə görə, Ə.Muxtarlı bunu noyabrın 7-də onunla telefon danışığı zamanı bildirib.
“Əfqanın ədliyyə nazirinə yazdığı məktub övladı ilə “Skype” danışığına şərait yaradılması ilə bağlıdır”, hazırda Almaniyada mühacir həyatı yaşayan Mustafayeva “Amerikanın Səsi”nə deyib.
Onun sözlərinə görə, qanunvericilikdə məhbusların ailə üzvləri ilə “Skype” danışığı nəzərdə tutulmayıb, amma, qadağan da olunmayıb.
“Çünki qanun qəbul edilən zaman “Skype” kimi proqramlar o qədər də populyar deyildi”, o qeyd edib.
Leyla Mustafayeva 5 yaşlı qızının atası üçün çox darıxdığını deyib.
“Atasını ilə uzun müddət görə bilməyən övladımın psixoloji durumu pisləşməyə başlayıb. O atası üçün darıxır. Nuray atası ilə bu ilin fevralında Əfqan yas mərasiminə buraxılanda danışa bilib. Artıq telefonla danışmaqdan yorulub, atasını görmək istəyir. Nuray bu ilin mart ayından psixoloji terapiyaya gedir”, o qeyd edib.
L.Mustafayeva Azadlıq Radiosuna isə deyib ki, Ə.Muxtarlı ona həbsxanada qaba rəftarla üzləşdiyini də söyləyib. Bildirib ki, bir ay əvvəl onu cərimə kamerasına salıblar, ardınca isə yarıçılpaq halda yağışlı havanın altında saxlayıblar.
Əfqan Muxtarlı 2017-ci ilin mayında həbs olunub. Jurnalist Tbilisidə oğurlanaraq Azərbaycana zorla gətirilib və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulub. Sonra da hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunub.
Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Muxtarlının həbsi Gürcüstan və Azərbaycan hökumətlərinin beynəlxalq tənqidinə yol açıb. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, həmçinin ABŞ Dövlət Departamenti jurnalistin həbsini pisləyən bəyanatlarla çıxış edib. Amnesty İnternastional təşkilatı Muxtarlını “vicdan məhbusu” elan edib.