İsrailin müdafiə naziri Avigdor Lieberman noyabrın 14-də istefasını elan edib. O baş nazir Benjamin Netanyahu-nun mühafizəkar koalisiya hökumətini “terror qarşısında kapitulyasiya” etməkdə günahlandırıb.
Lieberman-ın fikrincə İsrail hökuməti və baş nazir “Həməs islamçılarına” qarşı “yumşaq mövqe” tutub.
Lieberman noyabrın 13-də imzalanmış atəşkəsdən əvvəl Qəzza zolağından raket hücumlarının kəskin artmasına işarə edərək deyib:
“Əgər mən kabinetimdə qalsaydım, cənundakı sakinlərimizin gözlərinə baxa bilməyəcəkdim”.
Lieberman deyib ki, onun istefası bu barədə ərizəsi baş nazir Netanyahuya təqdim olunandan 48 saat ərzində qüvvəyə minəcək. O habelə deyib ki, özünün ifrat sağçı Israel Beitenu partiyasını da Netanyahunun koalisiyasından çıxarmaq qərarına gəlib.
Netanyahu-nun partiyası bildirib ki, ölkənin müdafiəsi vəzifəsini baş nazirin özü üzərinə götürəcək.
Reuters agentliyi yazır ki, Beitenu partiyasının beş üzvünün koalisiyadan çıxması 120 yerlik parlamentdə Netanyahunu yalnız 61 səsin nəzarətində qoyacaq.
Siyasi şərhçilər deyirlər ki, korrupsiya ittihamlarına baxmayaraq Netanyahu-nun populyarlıq reytinqi yüksəkdir və o parlament seçkilərini vaxtından əvvəl elan edə bilər.
Netanyahunun Likud partiyası erkən seçkilərlə bağlı iddialara şərh verməyib.
Özündə səkkiz millət vəkilini birləşdirən Yəhudi Evi fraksiyası sağ təmayüllü təhsil naziri Naftali Bennett-i Lieberman-ın postunu tumağa çağırıb. Əgər o da koalisyanı tərk etsə, onda erkən seçkilər qaçılmaz olacaq.
Lakin təhlilçilər deyirlər ki, müdafiə naziri kimi Bennett Netanyahu üçün Lieberman-dan az problem yaratmayacaq.
O da Qəzza zolağının Həməs islamçılarına qarşı güclü hərbi qüvvədən istifadənin tərəfdarıdır.
Bu arada İsrail və fələstinlilər arasında gərginlik səngimək bilmir.
Həməsin sözçüsü Sami Abu Zuhri deyib ki, “Lieberman-ın istefası Fələstin müqavimətinin gücləndiyini göstərir”.