Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası bu gün keçirilən iclasında AXCP sədrinin müavini Gözəl Bayramlının həbs cəzasının iki ay azaldılması barədə qərar çıxarıb.
Qərara əsasən, G.Bayramlıya qarşı CM-in 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham cinayət etməyə cəhd maddəsinə(29) tövsif olunub.
G.Bayramlının vəkili Elçin Sadıqov qərardan öncəki çıxışında bildirib ki, Gözəl xanım Azərbaycanda CM-in 206.1 maddəsi ilə həbsdə saxlanılan yeganə şəxsdir. Vəkil xatırladıb ki, Gözəl Bayramlı dəfələrlə günahsız olduğunu, siyasi fəaliyyətinə görə şərlənib həbs edildiyini deyib. Müdafiəçinin sözlərinə görə, bu, iş materiallarında da əksini tapıb: «Cinayət işinin materialları arasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin məktubları var. O məktublardan görünür ki, G.Bayramlı, hətta Gürcüstanda da olanda izlənilib».
Vəkil bildirib ki, cinayət işinin materiallarında G.Bayramlı 12 min dolları gömrüyə bəyan etmədən qaçaqmal yoluyla keçirməkdə təqsirləndirilsə də, ancaq onu Gürcüstandan qayıdarkən «Sınıq körpü» məntəqəsində heç gömrük postundan keçməmiş saxlayıblar: «Gözəl Bayramlının həbsinin ertəsi gün istintaq qarşısında məntəqədəki videogörüntülərin alınması haqda vəsatət qaldırsaq da, bizə bir ay sonra cavab verdilər ki, həmin görüntülər saxlanmayıb».
Vəkilin çıxışından sonra prokuror söz alıb və kassasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını məhkəmədən xahiş edib.
Qısa müşavirəyə gedən hakimlər hökmün dəyişdirilməsi barədə qərarı elan ediblər.
***
AXCP sədri Əli Kərimli məhkəmədən sonra qərara münasibət bildirərkən G.Bayramlının cəzasının cəmi iki ay azaldılmasını “gülünc hadisə” kimi qiymətləndirib. Ə.Kərimli xüsusən G.Bayramlının vəkili Elçin Sadıqovun ortaya qoyduğu faktlara diqqət çəkib:
“Gözəl xanımın vəkili Elçin Sadıqov çox ciddi faktlar ortaya qoydu. Tam sübut olundu ki, Gözəl xanıma münasibətdə hüquq adına heç bir addım atılmır. Söhbət yalnız qisasdan gedir. Birinci fakt budur ki. Gözəl Bayramlı gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham olunur. Lakin onu heş gömrük postuna çatmamış saxlayıblar. Bu, cinayət işinin materiallarıyla da tam sübuta yetirilir. Yəni özlərinin quraşdırdığı cinayət işi tamamilə darmadağın oldu. İkinci fakt. Vəkil bildirdi ki, Cinayət Məcəlləsinin 206.1 maddəsilə bu gün Azərbaycanda həbsdə olan yeganə şəxs Gözəl xanımdır. Ən əsası, o pulun Gözəl xanıma aidiyyəti yoxdur, onun çantasına atılıb.
Məsələnin siyasi tərəfinə gəlincə, bugünlərdə biz bir neçə məlumat əldə etdik. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə birlikdə bankın Nəqliyyat filialının rəhbəri də mühakimə olunub və ona cəmi 3 il şərti cəza verilib. Kimdir o? Azərbaycan hakimiyyətinin razılığıyla 3.9 milyard dolları “Danske Bank”ın Estoniya filialı vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş şirkətlərə göndərən Nəqliyyat filialı olub. 4 milyard dolları ofşorlara göndərən şəxs şərti cəza alır. Hökumət nümayəndələrinin özlərinin etiraflarına görə, milyonları mənimsəmiş, onlarla saxta cinayət işi quraşdırmış MTN bandasının həbsdəki üzvləri bir-bir buraxılır, AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı isə heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanılır.
Cinayətkar azadlıqdadırsa, təqsiri olmayan insan həbsdədirsə, bu, dövləti sarsıdır. İndi Azərbaycanda məhz bu baş verir. Bugünlərdə Saleh Rüstəmli başda olmaqla, bur qrup AXCP fəalına – Aqil Məhərrəmli, Babək Həsənov, Ruslan Nəsirli, Vidadi Rüstəmli – bu adamlar heç bir cinayət törətmədikləri halda, onlara qarşı 1 ilə yaxın həbs-qətimkan tədbiri seçirlər. Ən ağır cinayətkarlara belə davranılmır. Bütün bunlar Azərbaycanda müxalifətə, müxalifətçiliyə, konkret olaraq, AXCP-yə, Milli Şuraya divan tutmaq, qisasçılıq, bizim haqq mübarizəmizin qarşısını almaqdan ötrü atılan qanunsuz addımlardır. Azərbaycan xalqı bunun fərqində olmalıdır. Biz xalqımızın dəstəyini hiss edirik. Amma hesab edirəm ki, xüsusən siyasi məhbuslara münasibətdə xalqımızın dəstəyi daha da artmalıdır. Siyasi məhbuslar Azərbaycanın Türkmənistanlaşmasına, Şimali Koreyalaşmasına imkan vermədikləri üçün həbsdədir və onların müdafiəsi də ardıcıl şəkildə davam etməlidir.