Qobustan həbsxanasında cəza çəkən “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadə Nardaran hadisələrinin ildönümü ilə bağlı yazıb:
İllər keçir və baş verənləri daha da soyuqqanlı şəkildə təhlil edib fərqli nəticələr çıxarmağa çalışırsan. Bu baxımdan 2015-ci ildə Nardaran kəndində baş verən hadisələri də yenidən dəyərləndirmək, “başqa necə ola bilərdi ki, bu qədər amansızlıq baş verməsin?” deyə düşünürəm. Amma bu 3 il ərzində ölkədə baş verənləri, eyni zamanda 26 noyabrdan əvvəl də olanları xatırlayıb əmin oluram ki, Nardaran hadisələrini düşünüb həyata keçirən hakimiyyətin mahiyyətində elə bir zorakılıq var ki, bu hadisələr qaçınılmazdı. Elmar Hüseynov, Ziya Bünyadov kimi insanların öldürülməsi qaçınılmaz ola bilərdimi? Yox! Çünki necə deyərlər onlar “siyasətə qarışmışdılar” və zalımın zülümə “yox” deyənin zülmə tuş gəlməsi labüddür.
26 noyabrda da zalım Azərbaycanda “siyasətə qarışan” dindarları zərərsizləşdirmək üçün belə amansızlığa əl atdılar. Lakin bu qəddarlıq Nardaran hadisələri ilə bitmədi. Gəncədə baş verən qarmaqarışılıqdan istifadə edən hakimiyyət sorğu-sualsız, məhkəməsiz, heç bir cinayətini sübuta yetirmədiyi insanları qətlə yetirməyə başladı. Bununla da qalmadı, qətlə yetirdiyi insanların nəşini belə ailələrinə vermir.
İllərdir ölkədə kim dinirsə, düşünə bilirsə, haqqını tələb edirsə, onu iki şey gözləyir. Şərlənmək və həbsxana. Müxalif düşünən hər bir insan bununla üz-üzə idi. Dindarların siyasətə qarışmasısa hakimiyyətin səbrini daşırdı və onlar məni həbs edəndə “dindar adamsan, get ibadətini et, namazını qıl, nə işin var siyasətlə “deyib güya “düz yol” göstərmək istəyənlər hər zaman cavabım bu oldu.
Əksinə, mən gerçək dindaramsa ilk işim zülmkarın qarşısında susmamqdır.
Biz siyasətə qarışıb nə edirdik?
Talanmağa, ölkənin büdcəsini oğurlamağa, insanları şərləyib tutmağa alışmış bir hakimiyyətin etdiklərinə qarşı çıxırdıq. Biz insanların dini etiqadına uyğun olaraq yaşamasına əngəl olan əməllərə “yox” deyirdik.
Bu siyasətə qarışmaq idisə, bəli biz siyasətə qarışırdıq və bundan sonra da eyni şəkildə qarışaçacağıq. Çünki bu ölkədə təməl insanı haqlardan məhrum edilmiş insanların haqqı üçün savaşmaq bir müsəlmanın borcudur.
26 noyabr etirazın zalımın zülmünə tuş gələn günü idi. Müsəlman Birliyi hərakatı yarandığı ilk gündən onun mövcudluğundan xoflanmış hakimiyyət həyata keçirdiyi qanlı əməliyyat zamanı özünün bütün mahiyyətini üzə qoydu. Bəlli oldu ki, o haqq deyəni cəzalandırmaq üçün hətta öz polisini belə öldürməyə qadiridr.
26 noyabr müasir Azərbaycan tarixində açıq şəkildə törədilən ən böyük cinayətlərdən biridir və tarix yəqin ki bu günün qiymətini verəcək. Biz, Müsəlman birliyi hərakatı özümüzdən və apardığımız mübarizənin səmimiliyindən heç vaxt şübhə etmədik və məhkəmələr zamanı necə bu cinayət ifşa olundusa,tarixdə də eyni şəkildə və daha çox ifşa olunacaq.
Unutmayaq, tarix insanlığın yaddaçıdır və bu gün o yaddaş bizə Yezidə lənət oxudurduğu kimi, haqq savaşçısı Hz. Hüseyinə də rəhmət oxutdurur.
Ölümlü olan bu dünyada ala biləcəyimiz tək qazanc da budur zatən. Rəhmət və lənət!
Biz bu olanlarda rəhmət qazandığmızadan şübhə etmirik, çünki haqq deyib səmimi şəkildə insanların haqqının olara verilməsini istədik.
Lənət qazanansa qoy özü öz qazandığının qiymətini versin.
Uca rəbbim Nardaran hadsələri zamanı şəhid edilmiş bütün soydaşlarımıza rəhmət etsin. Amin
Qobustan həbsxanası , Tale Bağırzadə