Gürcüstanda siyasi mühacir kimi yaşayan azərbaycanlı hüquq müdafiəçisi Avtandil Məmmədova görə anası Məlahət Məmmədovanın ölkədən çıxışına qadağa qoyulub.
Bu haqda Azadlıq Radiosuna Məlahət Məmmədova özü məlumat verib.
Onun sözlərinə görə, noyabrın 30-da Qazax rayonu ərazisindəki Qırmızı körpü sərhəd-keçid məntəqəsindən keçərək Gürcüstana səfər etmək istəyib. Ancaq Sərhəd Xidməti-nin əməkdaşları onu geri qaytarıblar. Fəalın anasına bildirilib ki, Quba rayon polisinin müstəntiqinin qərarı ilə çıxışına qadağa qoyulub.
“Oğlum Gürcüstana sığınandan bəri ildə bir-iki dəfə gedib onunla görüşürdüm. Onu da çox gördülər. Axı, mən nə etmişəm ki, ölkədən çxışıma da imkan vermirlər”, M.Məmmədova deyib.
M.Məmmədovanın sözlərinə görə, noyabrın 30-da onun Quba rayonu Rustov kəndindəki evinə rayon polis idarəsinin əməkdaşları gəliblər.
“Gecə yarısı Quba polisindən kəndə bizim evə gəliblər. Qapıları, pəncərələri döyüblər, qonşular evdə olmadığımı deyəndən sonra çıxıb gediblər”, – fəalın anası bildirir.
Məlahət Məmmədovanın sözlərinə görə, sentyabr ayında onu zorla polisə aparıblar.
“Oğluma nəsə qondarma cinayət işi açıblar, onunla bağlı suallar verirdilər. Mənim adımdan nələrsə yazdılar, imza atmağımı tələb elədilər. Latın əlifbasını oxuya da bilmirəm, nə yazdıqlarını da başa düşmədim. Zorla imzalatdırdılar”.
M.Məmmədova bu gün, dekabrın 1-də Qoba polisindən ona bir neçə dəfə zəng edildiyini, polisə gəlməsinin tələb olunduğunu bildirib. O, davamlı təhdid olunduğunu, intihar həddinə gəldiyini qeyd edib.
Hüquq müdafiəçisinin əmisi Qeybulla Məmmədov isə AzadlıqRadiosuna bildirib ki, bu gün Quba rayon Polis İdarəsinin əməkdaşları kəndə gəliblər. Polislər əvvəlcə Məlahət Məmmədovanın evinə gediblər. Daha sonra onun kürəkənini saxlayıblar.
“Kürəkəni kənddə çayxanada idi. Gəlib götrürüb apardılar. Heç bir izahat filan vermədilər, sənəd göstərmədilər. Avtandilin işinə görə apardıqlarını dedilər”, – Q.Məmmədov dediklərinə əlavə edib.
Onun iddiasına görə, məmmədovlar qardaşıoğlu Avtandil Məmmədovun siyasi baxışlarına görə incidilir.
“Avtandil burda haqqı tapdananı müdafiə edirdi. Buna görə, gözləri götürmürdü onu. Keçən il başını götürüb Gürcüstana getdi. Ordan da həqiqətləri deyir, ona görə də nəsə cinayət işi açıblar. Guya, kiminləsə iş görüb, müqavilə bağlamayıb. Elə oan görə bu boyda ailənin, qoca anasının gününü göy əsgiyə büküblər. Gah polisə aparırlar, aldadıb, o sənədə, bu sənədə imza atdırırlar”, – A.Məmmədovun əmisi deyib.