Rusiya-Ermənistan münasibətlərinin inkişafına yardım məqsədilə yaradılmış “Lazarev klubu”nun bir neçə gündür ki, Yerevanda iclasları keçirilir. İclaslarda Ermənistan və Rusiya hərbi-siyasi xadimləri iştirak edir. Dekabrın 1-də keçirilən iclasda MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev Azərbaycanı hədələyən bir çıxış edib.
Rusiya nümayəndəsi bildirib ki, Azərbaycanın hərbi texnika baxımından keyfiyyət və kəmiyyət üstünlüyü əldə etməsi Ermənistan və “Arçax respublikası” (Yevseyev erməni separatçılarının Qarabağda yaratdığı rejimi məhz belə adlandırır – red.) üçün təhlükə deməkdir. Onun fikrincə, Azərbaycan məhz bu üstünlüyə görə 2016-cı ilin aprelində döyüşlərə başlayıb, ondan qabaq da “Dağlıq Qarabağ ərazisini” iriçaplı silahlardan atəşə tutub və s. Yevseyev deyib ki, Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməsi ilə Azərbaycanın bu üstünlüyü əlindən alınıb. Eyni zamanda Azərbaycanın İsraildən aldığı pilotsuz uçaq aparatları (PUA) Rusiyanın Ermənistana verdiyi radio-elektrik mübarizə aparatları sayəsində təsirsiz hala gəlib, həmin aparatlarla PUA-ları rahatlıqla endirmək olur.
Rusiya nümayəndəsinin hədəsi isə bundan ibarət olub ki, Ermənistanın “İsgəndər” raketlərinə malik olması birbaşa Bakını vurmaq imkanı kimi Azərbaycanı çəkindirən amilə çevrilib. Yəni Azərbaycan işğal olunmuş ərazilərini hərbi yolla geri qaytarmaq istəsə, Rusiyanın köməyi ilə birbaşa Bakıya raket zərbəsi endirilə bilər.
Yeri gəlmişkən, Yevseyev Ermənistana Dağlıq Qarabağ ətrafında işğal olunan rayonların da “təhlükəsizlik zolağı” kimi möhkəm saxlanmasını tövsiyə edib. Deyib ki, həmin rayonlardan biri də geri qaytarılmamalıdır, əks halda Azərbaycanın əl-qolu açıla bilər.
Yevseyev onu da bildirib ki, Azərbaycan Belarusdan “Polonez” raketləri almaqla Ermənistanın “İsgəndər” raketləri qarşısında balans yaratmaq istəyir, lakin “Polonez” “İsgəndər”lə müqayisə oluna bilməz.
Yevseyevin çıxışı:
Azərbaycanın təhlükəsizlik məsələləri üzrə tanınan ekspertlərindən İlham İsmayıl Rusiya nümauəndəsinin bu çıxışını ölkəmiz üçün təhlükəli hədə hesab edir. Onun fikrincə, vəziyyəti ciddiləşdirən amillərdən biri də Yevseyevin Rusiya prezidenti Putinə yaxın adamlardan olmasıdır. İ.İsmayıl hesab edir ki, Azərbaycanın Xarixi İşlər və Müdafiə nazirlikləri Ruaiya nümayəndəsinin bu hədəsinə cavab verməli, bütövlükdə rəsmi Bakı Moskva ilə münasibətlərində korrektə etməlidir.
“Rusiya MDB ölkələri institutunun direktor müavini Rusiya siyasətinin önəmli fiqurlarındandır və Azərbaycana düşmən mövqedə dayanan bir ölkə olduqlarını açıq söylədi. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Millsin “Ermənistanda heç kim ərazi qaytarmaq haqqında düşünmür” məlum bəyanatı bir daha onu göstərir ki, İrəvana bu paslar məhz Moskvadan gəlir. Biz də Bakıda 340 rus məktəbinin olması ilə fəxr edirik. Üç ali məktəbinin filialını açıb, üçünü də gətirməyi planlaşdırdığımızı bəyan edirik. Düşmənin bütün dünyada təcrid edildiyi vaxt, biz hansı səbəbdən qucaq açmışıq? Buna cavab verilməlidir!
Azərbaycan XİN, Azərbaycan rəhbərliyi təcili Vladimir Yevseyevin çıxışına kəskin etirazını ən yüksək səviyyədə bildirməli, Müdafiə Nazirliyi də öz mövqeyini bəyan etməli, digər zəruri diplomatik addımlar atılmalıdır”, – deyə İ.İsmayıl bildirib.
azadliq.info