Əksər məktəblərdə yuxarı siniflər kağız üzərində “fəaliyyət” göstərir
Direktorla anlaşıb ilboyu dərsdən azad olmaq mümkündür
Repetitorluq Mingəçevir təhsilinin baş bəlasına çevrilib desək, yanılmarıq. Şəhərin tam orta təhsil verən əksər məktəblərində 10-11-ci siniflər kağız üzərində “fəaliyyət” göstərir. Bəzi müəllimlərin məktəbdə faktiki olaraq gün keçirdiyini, təhsilin keyfiyyət(sizliy)ini görən valideynlər övladlarını müxtəlif vasitələrlə məktəbdən yayındıraraq əlavə imkanlardan – repetitorluqdan istifadə edirlər. Valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıqsız ali məktəbə qəbul olmaq mümkün deyil. Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan əksər valideynlər artıq 9-cu sinifdən (bəzən daha tez) onu fərdi müəllim yanına göndərirlər. Bu gün hətta birinci sinfə getməyə hazırlaşan uşaqların valideynləri yaxşı məktəbdən çox, yaxşı repetitor tapmaq haqqında düşünürlər. Düzdür, repititor yanında hazırlığın özünü təsdiqləmiş və dünyada sınanılaraq qəbul olunmuş xidmət olduğunu iddia edənlər də var. Lakin istənilən halda, repititor yanında əlavə dərs almaq şagirdlərin, eləcə də valideynlərin böyük bəlasıdır.
Çox zaman repetitorluq dərslərin hesabına həyata keçirilir. Belə ki, müəllim yanına gedən şagirdlər dərslərə gəlmir, direktorla anlaşır, adları məktəbdə qeyd olunur, yalnız yoxlama olandan-olana və yaxud ayın, ya həftənin müəyyən günlərində sinif rəhbərlərinin çağırışıyla məktəbə gəlirlər. Bu isə məktəb mühitinin dağılmasına gətirib çıxarır.
Bu gün Mingəçevir şəhərində orta məktəb(lər)in verdiyi təhsilin aşağı səviyyədə olması bəzi müəllimlərə repetitorluq üçün şans yaradır. Əksər müəllimlər dərs dediyi şagirdləri fərdi şəkildə evdə təşkil etdiyi dərslərə cəlb edirlər. Hazırlığa gedən şagirdin gələcəkdə tələbə olacağına heç bir zəmanət verilmədiyinə baxmayaraq, valideynlər boğazından kəsib son pullarını belə repetitor(lar)a verirlər. Qiymətlər də kifayət qədər yüksəkdir. Müqayisə üçün bildirək ki, Mingəçevir kimi kasıb şəhərdə bir şagirdin 4-5 fəndən (bir fənn üçün hazırlıq qiymətini 30 manatdan hesablasaq) repetitor yanına getməsi valideynə orta hesabla 150 manata (bəzən daha baha qiymətə) başa gəlir. Bura hazırlıq zamanı tələb olunan dərs vəsaitlərinin alınması, eləcə də məktəb rəhbərliyinə şagirdin dərsə gəlməməsi (“qiyabi”yə çıxması) üçün ödənilən məbləği və s. əlavə etsək, yetərincə böyük rəqəm alınır. Hələ bir evdən 2-3 uşağın hazırlığa getdiyini nəzərə alsaq, ortada necə böyük pulların dövr elədiyini təsəvvürə gətirmək çətin olmaz. Hər kəsə məlum olan bu faktlardan isə şəhər Təhsil şöbəsinin, yerli İcra Hakimiyyətinin, Ərazi Vergilər Departamentinin və nəhayət, bu günlərdə “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsini müzakirə etmək üçün ölkə müəllimlərini bir araya gətirmiş Təhsil Nazirliyinin xəbərsiz olması inandırıcı deyil.
Biz Mingəçevirdə yuxarı sinif şagirdlərinin diliylə desək, “qiyabi”yə çıxmağın qiymətləri və şərtləriylə maraqlandıq. Məlum oldu ki, burda da bazarda olduğu kimi “tələb-təklif” çox önəmlidir. Məsələn, şəhərdəki 10 saylı məktəbdə (direktor Xumarə Mikayılova), Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə (direktor Aidə İsmayılova) qiymətlər kifayət qədər yüksəkdir. Araşdırmalara görə, bir şagirdin “qiyabi”yə çıxması üçün 200-300 manat tələb olunur. Şəhərdəki şəhid Noel Ahəngəri adına 13 saylı orta məkətbdə 150-200 manat arasında dəyişir. Sonuncuda qiyməti aşağı salmaq imkanları var.
Yeri gəlmişkən, sonuncu həmin məktəbdir ki, (direktor əməkdar müəllim Tünzalə Əfəndiyeva – A.) adı bu tədris ilinin əvvəlində təhsil müəssisəsində Aşura tədbiri təşkil etməklə hallanmışdı. Həmin vaxt bu olay sosial şəbəkələrdə geniş tənqid və müzakirə olunaraq “dinin məktəblərdə təbliği” kimi qiymətləndirilmişdi. Məsələ Təhsil Nazirliyi, hətta Prezident Administrasiyasınadək gedib çıxmışdı. Doğrudur, sonradan Tünzalə Əfəndiyeva “Məhərərəmlik ayı və Aşura günündə şagirdlərin tədrisdən yayınmasının qarşısının alınması” adlı tədbirin onlara şəhər icra hakimiyyəti tərəfindən təqdim olunan qrafik üzrə təşkil edildiyini, əsas məqsədin də dinin təbliği yox, Aşura gününün normal getməsi üçün olan tədbir” olduğunu, tədbiri idarə edən Cavid Ələmdarın isə axund müavini deyil, İslam Universitetinin müəllimi olduğunu söyləmişdi. Maraqlıdır ki, Mingəçevir şəhər İH başçısının 1-ci müavini İlham İsmayılov mətbuata açıqlamasında onlara şəhər təhsil şöbəsindən məktəblərdə təhsil ilinə hazırlığın müzakirəsi ilə bağlı valideyn komitələrinin iclaslarının keçirildiyinə dair məlumat verildiyini, məktəbdə keçirilən iclasda axund müavininin iştirakından xəbərsiz olduqlarını, bunu həmin məktəbin özfəaliyyəti olduğunu bildirmişdi.
Bir sözlə, məktəb günahı şəhər icra hakimiyyətinin, icra hakimiyyəti isə məktəbin üzərinə atmaqla məsələni qapatmışdılar.
Bir maraqlı faktı da qeyd edək ki, Mingəçevirin mərkəzində yerləşən, vaxtilə bölgənin sayılıb-seçilən təhsil ocaqlarından biri olmuş 13 saylı məktəb bu gün şəhərin bütün məktəblərindən pis mənada fərqlənir. Məktəbin istər binası, istər ərazisi baxımsızlıqdan xarabazarlığı xatırladır. 1993-cü ildən son bir neçə ilədək burada məskunlaşmış qaçqın və məcburi köçkünlər uzun illər məktəbin həm əvvəlki, həm də sonrakı rəhbərliyi üçün əsl “dolanışıq” mənbəyi olub. Bu gün digər məktəblərdə “qiyabi təhsillə” bağlı məktəb rəhbərliyilə “dil tapa bilməyənlər” düşünmədən buranı seçirlər. Tələb olunan vəsaiti hissə-hissə – 2 dəfəyə ödəmək imkanı buranın əsas üstünlüyüdür. Çünki təmirsiz, tam bərbad, normal dərs keçmək üçün şəraiti olmayan bu məktəbdə dərsə davamiyyət ən sonuncu yerdə duran məsələlərdəndir.
Deyilənlərin nə dərəcədə həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün adıçəkilən məktəbə yollandıq. Təəssüf ki, “Azadlıq”dan olduğumuzu bilib bizi məktəbə buraxmadılar. Bu isə deyilənlərin həqiqət olduğuna heç bir şübhə yeri qoymur.
Bir daha xatırladaq ki, Mingəçevirin əksər məktəblərində oxşar situasiya hökm sürür.
Maraqlıdır ki, repetitorluğun ləğvi dəfələrlə gündəmə gəlsə də, problem bugünədək həllini tapmayıb. Valideynlərin cibinə qənim kəsilən repetitorluğun ləğvində ən optimal yol kimi məktəblərin 12 illik sistemə keçid göstərilir. Qeyd edək ki, bu zaman məktəblər 10 il icbari, 2 ili isə ali məktəbə hazırlıq istiqamətində fəaliyyət göstərməli olacaq. Amma bu sistemin tətbiqi nədənsə gecikir.
İndilik isə, problemin həlli yolu çox sadədir. Repetitorluğun qarşısının alınması üçün ilk növbədə məktəblərdə vaxtaşırı monitorinqlər təşkil edilməlidir. Şagird-müəllim münasibətləri elə qurulmalıdır ki, məktəbdə müəllim dərs deməyə, şagird isə öyrənməyə maraqlı olsun. Çünki normal dərs keçirilən məktəbdə oxuyan şagirdə heç bir repetitor lazım deyil.
Azər
P.S. Azərbaycan Respublikasının Konstitusiyasında (Maddə 42) qeyd olunub ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Biz bəlkə də dünyada yeganə xalqıq ki, məktəb rəhbərliyinə pul ödəyib övladımızı təhsildən yayındırır, üstəgəl, məktəbdə pulsuz təhsil verməli olan müəllimə əlavə pul ödəyirik ki, uşağımıza məktəbdə keçməli olduğu dərsi evdə öyrətsin.
P.P.S. Unutmayaq ki, şagird sayına görə hər il dövlət büdcəsindən yetərincə vəsait ayrılır. Bu vəsaitin doğru-dürüst xərclənib-xərclənməməsi isə başqa bir yazının mövzusudur.