İran Azərbaycanının müxtəlif şəhərlərinin millət vəkilləri keçən günlərdə Tehranın Perspolis komandasının azarkeşləri tərəfindən nümayiş etdirilən bir plakatı “işğalçı Ermənistana dəstək” kimi dəyərləndirib.
Yol Press saytının xəbərinə görə, noyabrın 25-də Tehranda keçirilən Traktorsazi ilə Perspolis arasındakı matç zamanı tehranlı azarkeşlər tərəfindən üzərində “Artsax” yazılmış bir plakat nümayiş etdirilib.
Təbriz, Urmiyə, Ərdəbil, Marağa, Bostanabad, və Germi kimi şəhərlərin millət vəkilləri “İranda Qarabağın işğalını dəstəkləyənlərə” göz yummayacaqlarını bildiriblər.
Yerli mətbuatın nəşr etdiyi xəbərlərə əsasən, həm mühafizəkar həm də islahatçı-mötədil qruplara mənsub türk vəkillər bu barədə təpki göstəriblər.
Traktorsazi klubu rəsmi bəyanat yayımlayaraq plakatın nümayişi ilə bağlı əlaqədar idman qurumlarına şikayət edəcəyini bildirib.
Həmçinin millət vəkilləri Şəhabəddin Bimiqdar, Zəhra Sai, Hadi Bahadıri, Ruhullah Həzrətpur, Məhəmməd Vəhdəti, Mir Himayət Mirzadə və Məhəmməd Həsənnejad mövzu ilə bağlı qanuni addımlar atacaqlarını ifadə ediblər.
“Belə işlər milli birliyə qarşı yönəlib. Bu, fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir. Gənclər və idman nazirindən istəyəcəyəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə məsələni parlamentdə qaldıracağam. Mərkəzi şəhəri Təbriz olan Güney Azərbaycan İranın həssas dönəmlərində xüsusi rol oynayıb. Bu, inqilab dönəmi və 8 illik müharibə zamanı da belə olub. Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb. “Traktorsazi” klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi kimi, “Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib. Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda şiəliyin də beşiyidir. Bütün hallarda ölkədə qövmləri aşağılamaq qəbuledilməzdir, bu, böyük Azərbaycan millətinə də şamildir”, – deyə Zəhra Sai bildirib.
Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnejad isə özünün Tvitter səhifəsində hadisəyə münasibət bildirərkən “Artsax” yazılı bannerin nümayiş etdirilməsinin irqçilikdən irəli gəldiyini qeyd edib: “191 il əvvəl bizim əcdadlarımızın bütün canfəşanlığına baxmayaraq, bəzi mərkəzdə oturanların xəyanəti nəticəsində İrəvan Türkmənçay müqaviləsi əsasında İrandan qoparıldı. Sonralar isə neftlə dolu olan Bəhreyn bir güllə atılmadan İrandan qoparıldı. İndi o xainlərin nəvələri bu bayraqla əcdadlarının İrəvan və Bəhreynin İrandan qoparılması ilə bağlı xəyanətlərini tarixdən silməyə çalışırlar”.