Keçmiş müstəntiq, siyasi məhbus Rüfət Səfərov həbsdə məruz qaldığı ağır işgəncələr nəticəsində qan dövranın pozulması və baş ağrılarından əziyyət çəkməyə başlayıb. Bu barədə onun atası Eldar Sabiroğlu feysbukda məlumat paylaşıb. E.Sabiroğlu yazır:
“Bu hakimiyyəti etiraf edim ki, yaxşı tanımamışam. Bunu özümə bağışlamıram. Son dərəcə qəddar və amansız olduğunu Rüfətin həbsi və cəzaçəkmə müəssisəsində ona verilən işgəncələr zamanı əyani olaraq gördüm. İşgəncələr penitensiar xidmətdən gələn Füzuli adında qana susayan bir əməliyyatçının rəhbərliyi altında həyata keçirilib. Axırıncı dəfə onu cəzalandırarkən carmıxa çəkməkləri, təpik-şilləyə, yumruğa tutmaqları bir yana, ürəkləri sovumadığından yerə yıxıb dubinka ilə o ki, var çırpıblar. Sonra üzərinə bir vedrə soyuq suyu töküblər. Bu dəfə həmən o Füzuli xalq düşməni, vətən xaini deyərək asfalt döşəmədə uzanıqlı vəziyyətdə təpiyi ilə Rüfətin başını əzməyə başlayıb. Sifarişi yerinə yetirən Füzuli yəqin birinci dəfə deyil ki, bu cür vəhşiliklə dustaqlara işgəncə verir. Bundan sonra Rüfətdə güclü qan təzyiqi əmələ gəlib. Baş arğılarından yuxusunda da problemlər yaranıb. Sonuncu görüşündə təzyiqdən və baş arğılarından şıkayətləndi. Füzulidə günah görmürəm. Onu yaxşı qəssab olduğuna görə saxlayırlar. Əsas göstərişin haradan və kim tərəfindən gəldiyi diqqət çəkir. Bu da məlumdur. Prezidentə sədaqəti bu cür başa düşənlər işdən sonra evlərinə gedəndə öz övladlarına yaxşı-yaxşı baxsınlar. Axı bu dünyanın quyruğu uzundu…”