Şirkət Azəri-Çıraq-Günəşli layihəsindəki payını satmaq istəyir
Amerikanın neft-qaz nəhəngi Exxon Mobil Azərbaycanın ən böyük neft yataqları blokunun işlənməsi layihəsindəki payını satmaq istəyir, belə ki, qlobal əməliyyatlarının orientasiyasını dəyişdirir, bu barədə bank-mənbələr məlumat verib.
Mənbələrin məlumatına görə, Exxon Xəzər dənizində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənməsi layihəsində 6,8%-lik payının satışından 2 milyard dollar əldə etməyə ümid edir. Exxon Mobil-in rəsmi nümayəndəsi Culi King bildirib ki, şirkət “bazar şayiələrini və uydurmaları” şərh etmir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi bildirib ki, məlumatı şərh etməyəcək, belə ki, o, Exxon-la bağlıdır.
Blokun operatoru Britaniyanın neft nəhəngi BP olsa da, layihə ABŞ hökumətindən böyük dəstək alıb. Əvvəlcə layihədə Amerikanın beş şirkəti – Exxon, Amoco, Unocal, Pennzoil və McDermott iştirak edirdi.
BP Exxon-un planları haqqında məlumatı olmadığını bildirib.
Yeni böyük yataqların açılması ümidləri doğrulmadıqdan sonra Amerika şirkətlərinin əksəriyyəti layihədən çıxıb, həmçinin, ABŞ hökumətinin dəstəyi azalıb.
Exxon gedərsə, Chevron layihədə 9,57% payla yeganə Amerika şirkəti olacaqdı. Amma korporasiya çərşənbə axşamı bildirib ki, AÇG-dəki paylarının satışı prosesini başlatmaq qərarı qəbul edib.
BP və SOCAR-a müvafiq olaraq 30,4% və 25% pay məxsusdur.
Konsorsiumun digər iştirakçıları arasında 9,3% payla Yaponiyanın İnpex şirkəti və 7,3% payla Norveçin Equinor şirkəti var. Türkiyənin TPAO, Yaponiyanın İtochu və Hindistanın ONGC Videsh şirkətləri daha az paylara malikdir.
Azəri-Çıraq-Günəşli neft yataqları Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük yataqlardır, ölkənin neft gəlirlərinin böyük hissəsini təmin edir(Turan).