Rafiq Manaflı
Prezidentindən klerkinə qədər, uğur sözü ağızlarından düşmür. İlham Əliyev deyir ki, uğurlu siyasətimiz Ermənistanı çökdürüb. Başqa birisi uğurlu iqtisadi siyasətdən, digəri uğurlarımızın dünyaya örnək olmasından danışır.
Çox fikirləşəndən sonra qərara gəldim ki, bunlar hamısı rusdillidirlər, hətta rusca bisavad danışmasına rəğmən, Əli Həsənov da Moskva Dövlət Universitetini bitirib. Və rusdilli olduqlarına görə də bunlar uğur sözünün mənasını anlamırlar. Xüsusi olaraq Prezident və onun administrasiyası üçün lüğətdən uğur sözünün mənasını yazıram: uğur – bir işin, arzunun və sairənin müvəffəqiyyətli sonu, müsbət nəticəsi, nailiyyət, qələbə deməkdir. Başa düşdünüzmü? İndi oturun fikirləşin, sizə anlatdığım mənada hansısa uğurlarınız varmı?
Düzdür uğur sözünün başqa bir traktovkası da var: “uğur istədiyinə nail olmaqdır”. Bəlkə siz hakimiyyəti qəsb edəndə dövləti dağıtmağı hədəfləmişdiniz və bu mənada uğurdan danışırsınız?
Ermənistanın uğursuzluğundan danışmayın, ayıbdır. Orada xalq yığışıb prezidentlik müddəti bitmiş birinin baş nazir olmasına imkan verməyib, başqasını seçib. Təbii ki, seçki anlayışı olmayan sizlər üçün bunun bir xalqın uğuru olduğunu qavramaq mümkün deyil. Amma onların göz görəsi uğurları da var axı. Heç bir təbii ehtiyatları olmayan Ermənistanda minimal maaş da, orta aylıq əmək haqqı da Azərbaycandan çox, adambaşına illik gəlirləri isə 4000 dollardır.
Azərbaycanda da adambaşına illik gəlir 4000 dollardır, onun da 70%-ə yaxını neftin və qazın hesabınadır. Əgər neft, qaz olmasaydı sənli-mənli bütün millət əncir yarpağı geyib gəzərdi, cənab Əliyev, hansı uğurdan danışırsan.
Sizin yeganə uğurunuz var: Putinin sağında oturub şəkil çəkdirmək və onunla qürrələnmək. Siz vur-tut o boydanasınız.