Jurnalist Xədicə İsmayıl yenidən həbs olunacağı ilə bağlı xəbərlər aldığını bildirir.
O, müsahibəsində deyib ki, artıq iki həftədir müxtəlif mənbələrdən ehtiyatlı olmağı ilə bağlı xəbərlər alır.
“Deyirəm ki, ehtiyatlı olub, nə edim? Mən nə edirəm ki, onu etməyim. Etdiyim iş araşdırmadır. Araşdrıma işində də qeyri-qanuni heç nə yoxdur. Hamı bilir ki, mən hər hansı qrant almıram və pul işi ilə məşğul olmuram. Bu özüm üçün əvvəlcədən qoyduğum qaydadır. Bunu uydururlarsa, bu o deməkdir ki, yalançı bir əsasla yeni bir cinayət işi tikirlər. O cinayət işi çərçivəsində yəqin məni yenə həbs etmək istəyirlər. Görək indi ortalığa nə çıxarırlar?”, o sual edib.
Jurnalist cinayət işini hansı orqanın qaldırdığı barədə məlumatlı deyil.
“Ancaq bank hesablarımın ard-arda bağlanması göstərir ki, burada müxtəlif qurumlar tərəfindən koordinasiya olunmuş bir iş var. Başqa məsələlər də var idi. Amma, indi bunu əlaltı qəzetlərinə ötürürlər, deməli ciddi şəkildə zəmin hazırlayırlar.”
Jurnalist hərdən izləndiyini hiss etdiyini deyib.
“Evdən çox az hallarda çıxıram. Evdən çıxanda da dostarımla birgə çıxıram. Hərdən hədə-qorxu gəlmə istəyəndə izləndiyimi hiss etdirirlər.”
İsmayıl hazırda yalnız araşdırma işləri ilə məşğul olduğunu bildirib.
“Ötən dəfə həbs olunanda həm də radioda aparıcı idim. İndi məlumat azlığı şəratində yalnız araşdırma işləri ilə məşğulam. Ümid edirəm ki, mən yenidən həbs olunsam dostlarım, həmkaralarım bu işi tam gücü ilə davam etdirəcək,” o qeyd edib.
Dekabrın 4-də İsmayılovanın Beynəlxalq Bankdakı hesabına həbs qoyulub.
“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə Azərbaycan hökumətinin Beynəlxalq Bankda cəriməni ödədiyi hesabıma dekabrın 4-də Vergilər Nazirliyinin tələbi əsasında Bakı İnzibati İqtisad Məhkəməsi tərəfindən həbs qoyulub”.
Onun sözlərinə görə, Vergilər Nazirliyi Azadlıq radiosunun boynuna qoyduğu vergiləri Xədicə İsmayıldan da tələb edir.
“Avropa Məhkəməsinin qərarına əsasən ödənən kompensasiya sanksiya, həbs, cərimə predmeti ola bilməz. Mən bununla və bank hesabıma həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edəcəm. Beynəlxalq Bank (daha əvvəl Kapital Bank etdiyi kimi) bank sirrini pozaraq fərdi hesabım barədə məlumatı Vergilər Nazirliyinə ötürüb,” o qeyd edib.
Onun sözlərinə görə, hesabına həbs qoyulmasının səbəbi kimi göstərirlər ki, Vergilər Nazirliyi guya Azadlıq radiosunun ödəməli olduğu vergiləri ondan tələb edir.
“Həmin vergi məbləği çərçivəsində mənim hesabıma həbs qoyulub. Maraqlıdır ki, Azadlıq radiosunun da hesabına həbs qoyulub və həmin hesabda tələb olunandan da çox məbləğə həbs qoyulub. Hökumət niyə belə gülünc işlər görür? Başa düşürük, oliqarxların tikdiyi binalarda bir mənzili iki müştəriyə satmaq dəb idi. Belə fırıldaqlar onların çevrələrində dəbdir. Amma indi bir məbləği həm şirkətin özündən, həm də şirkətdə heç bir maliyyə vəzifəsi tutmamış adamlardan almağa cəhd edilməsi, bu hətta çox ibdar fırıldaqdır,” İsmayıl deyib.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.
O Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb.
Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. Jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verilib. Daha sonra onun həbs cəzası şərti cəza ilə əvəzlənib.
Xədicə İsmayıl son illər bir neçə nüfuzlu mükafatlara layiq görülüb.
O, dünyada azadlıq mesajını yayan jurnalist və fəal kimi 2016-cı il YUNESKO-nun Cuillermo Cani Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.
Araşdırmaçı jurnalist , “Nobel mükafatına alternativ” – “Dürüst Həyat” (Right Livelihood) laureatı adını qazanıb.
Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” mükafatının qalibi də Xədicə İsmayıl elan edilib.
Xədicə İsmayıl 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olub.
Qeyd: Hüquq mühafizə orqanlarından jurnalistin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb. Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə bütün insanların qanun qarşısında bərabər olduğunu, heç kimin fikirinə, siyasi tərəfliliyinə görə həbs edilmədiyini bildirir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıdğını bəyan edib. Amnesty İnternational ondan çox insanl “vicdan məhbusu” elan edib.
amerikaninsesi.org