Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarının fəaliyyət mühiti ilə bağlı yaratdığı çətinlikləri aradan qaldırmalı və Beynəlxalq Mədən Hasiları üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qayıtmalıdır. Bu barədə Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) QHT Koalisiyasının dekabrın 15-də keçirilən 20-ci ümumi yığıncağının qəbul etdiyi bəyannamədə deyilir.
MSŞT hesab edir ki, müstəqil vətəndaş cəmiyyəti institutlarının təmsilçisi kimi koalisiyanın tərəf olaraq iştirakı ilə Çoxtərəfli Qrupun fəaliyyəti bərpa edilməli, üçtərəfli yeni Anlaşma Memorandumu imzalanmalıdır.
Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.
Bu təşəbbüs çərçivəsində mədən sənayesi sahəsində çalışan şirkətlər vaxtaşırı ictimaiyyətə hesabatlarını təqdim edirdi. Bir çox hallarda bu sahədə çalışan şirkətlərin məlumatları QHT-lər tərəfindən təhlil olunur, hökumətə təkliflər verilirdi.
2014-cü ildən başlayaraq Azərbaycanda ictimai birliklərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər edilib, bir çox qeyri- hökumət təşkilatları istintaqa cəlb olunub.
“Mədən Sənayesində Şaffaflığın Artırılması” Koalisiyası bildirib ki, hökumət qurumları inzibati metodlardan istifadə edərək koalisiyanın maddi-texniki imkanlarını zəiflətməyə çalışmaqla yanaşı, koalisiyada təmsil olunan QHT üzvlərinə də müxtəlif metodlarla təzyiqlər göstərib.
“Həmin təzyiqlərin nəticəsi olaraq bəzi üzvlər koalisiya sıralarını tərk edib, bəziləri ölkəni tərk edərək digər dövlətlərdə mühacir həyatı yaşayır. Bir neçə koalisiya üzvü isə əsassız olaraq məhkumluq həyatı yaşamağa məcbur edilib”, -qurumun 2017-ci ildə qəbul etdiyi bəyanatda deyilir.
Koalisiyanın üç üzvü – Fuad Qəhrəmanlı, Asif Yusifli, Mehman Hüseynov hələ də həbsdədir.
Dekabrın 15-də keçirilən ümumi yığıncaq Koalisiya üzvləri Fuad Qəhrəmanlının, Asif Yusiflinin və Mehman Hüseynovun qanunsuz həbsdə saxlanılmasını pisləyib və onların azadlığa buraxılmasını tələb edib.
“Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Kоаlisiyаsı Azərbaycanda şəffaf idarəçiliyin, habelə ölkənin mineral ehtiyatlarının istismarı və satışından daxil olan gəlirləri, eləcə də bu vəsaitlərin ədalətli bölgüsü və səmərəli xərcləmələri üzərində ciddi dövlət və ictimai nəzarətin həyata keçirilməsində maraqlı və israrlı olduğumuzu bir daha bəyan edib.
“Təəssüf edirik ki, 2014-cü ilin ortalarından Azərbaycan hökumətinin müstəqil QHT-lərə, azad mətbuata və ictimai fəallara təzyiqlərinin nəticəsində bütövlükdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti zəifləyib və bu Koalisiyanın fəliyyətinə də mənfi təsir göstərib. Odur ki, koalisiyanın XX Ümumi Yığıncağının iştirakçıları Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti üçün mühitlə əlaqədar hüquqi və praktiki maneələri aradan qaldırmağa, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyyatı tələblərini ləğv etməyə çağırır”, -bəyannamədə qeyd edilir.