Sonuncu sərəncamla verilən 30 milyon manat ilkin olaraq ayrılıb, yəni ardı da var…
Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması tədbirlərinə sərəncam verib. Dekabrın 17-də imzalanan sənədə əsasən, Azərbaycanın elektrik enerjisi sisteminin əsas generasiya mərkəzləri olan “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi, həmçinin zəruri avadanlıqların tədarük edilməsi üçün 2018-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 30 milyon manat ayrılır.
Novator.az bildirir ki, bu, son ay yarım ərzində “Azərenerji”yə vəsait ayrılmasını nəzərdə tutan üçüncü sərəncamdır. Oktyabrın 30-da dövlət başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 48 milyon manat ayırıb. Sərəncam Mingəçevir şəhərindəki istilik elektrik stansiyasının fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə əsaslandırılıb.
Bu il iyulun 3-də Azərbaycanın enerji sistemində iki böyük qəza baş verib, Bakı və Gəncə şəhərləri də daxil olmaqla 39 şəhər və rayonun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi göstərilib.
Sentyabrın 4-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayaraq Etibar Pirverdiyevi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edib. Onu Balababa Rzayev əvəzləyib.
Prezidentin 30 noyabr sərəncamı əsasında isə “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.