Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Sizə müraciət etməyimin səbəbi sizin İctimai-siyasi məsələlər üzrə köməkçiniz Əli Həsənovun siyasi mübarizəni bilərəkdən söyüş səviyyəsinə endirməsidir. 2018-ci il ərzində əgər yoxlama aparsanız, görəcəksiniz ki, köməkçinizin nəzarətində olan saytlar, sosial şəbəkələrdəki səhifələr üzərindən ölkənin ictimai-siyasi insanlarına, jurnalistlərinə, hüquq müdafiəçilərinə və xaricdəki fəallarına qarşı dayanmadan alçadıcı yazılar dərc edilir.
Əli Həsənov və digər rəsmi şəxslər daima bildirir ki, biz söyüşə məruz qalırıq. Axı necə ola bilər ki, adını sadaladığım insanların hamısı söyüş söysün? Əminliklə deyirəm ki, burada məqsəd tamamilə başqadır. Misal olaraq bu günə qədər fəal şəkildə izlədiyim vəkil Aslan İsmayilovun, AXCP sədri Əli Kərimlinin, jurnalist Sevinc Osmanqızının bircə yazısında və yaxud da çıxışında hər hansı qeyri-etik ifadəyə rast gəlmək qətiyyən mümkün deyil. Yaxşı bəs belə olan halda nəyə görə sizin köməkçinizin nəzarətində olan saytlar hər gün demək olar ki, ən ağır ifadələrlə bu insanları təhqir edir?
2018-ci ildə ölkədə görünməmiş bir hadisə baş verdi. Xaricdə yaşayan Vidadi İsgəndərlinin atasının məzarı ən ağır formada təhqir edilərək video formatda sosial şəbəkələr üzərindən paylaşım edildi.
Öncədən bildirim ki, bu günə qədər Vidadi İsgəndərli ilə bircə dəfə Obyektiv Tv-də işlədiyim zaman məhz bu hadisəyə görə müsahibəm olub. Əgər facebook səhifəmi yoxlasanız, görəcəksiniz ki, apardığınız siyasəti kəskin şəkildə tənqid etməyimə rəğmən, Vidadi İsgəndərlinin qeyri-etik ifadələrinə qarşı çıxmışam.
Mən şəxsim olaraq siyasi mübarizənin söyüş və təhqir formasına endirilməsinə daima qarşıyam. Bu məlum qəbir hadisəsindən və ictimayyətin kəskin reaksiyasından sonra huquq mühafizə orqanları tərəfindən cinayət işinin açıldığı deyildi. Amma bu hadisədən aylar keçməsinə rəğmən hələ də heç bir tədbir görülməyib. İndi sizə sual verirəm: Cənab Əliyev, açılmadımı bu işin üstü?
2018-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizlik Xidməti və Göyçay Rayon Polis İdarəsi birgə Göyçay rayonunda əməliyyat keçirir və bu qəbulolunmaz hərəkəti edən iki nəfər saxlanılır. Üstündən 48 saat keçməmiş dərhal sərbəst buraxılır. Həbs olunan şəxslərin isə sizin köməkçiniz Əli Həsənovun aylıq maliyyə ayırdığı və ona məxsus olan BMM-də ofis verdiyi sfera.az adlı saytı və facebook sosial şəbəkəsində bir neçə səhifəsinin admini Emil Məmmədovun dayısı uşaqlarının olduğu deyilir.
Bunu Emil Məmmədov özü də etiraf edib və demək olar ki, Bakıda çoxları bu oldaydan xəbərdardır. Niyə bu adamların saxlanılması barədə ictimaiyyətə məlumat verilmədi? Bundan sonra bu adamlara niyə maliyyə dəstəyi və ofis verildi?
Mən hakimiyyətdaxili klanların oyunları kimi mənasız mübahisələri də yersiz sayıram. Bu ölkədə bir klan var və onun da başında siz dayanırsınız. Mən bütövlükdə sizin hakimiyyətinizə qarşıyam və vicdanım rahatdır ki, hər hansı bir propoqanda kimi böhtan kampaniyasında iştirak etmirəm. Bu ölkənin fəlakəti sizin hakimiyyətinizdir. Sizdən tutmuş ən aşağıdakı “Jek” müdirinə qədər məsuliyyəti hamınız daşıyırsınız.
Mən bu məlumatı dəqiqləşdirəndən sonra canlı yayıma çıxıb köməkçinizə suallar ünvanladım. Şərəfim üzərində əminəm ki, bu adamlar saxlanılıb və buraxılıb. Onların şərəfi varsa, açıq şəkildə bəyan etsinlər ki, saxlanılıb. Amma etmirlər, çünki həmin şəxslərdən etirafedici ifadələr alındıqdan sonra sərbəst buraxılıblar. Bilmirəm kimlər bu olaydan hansı çirkin məqsədlərə istifadə edəcəklər, öz işləridir, amma fakt odur ki, bu hadisə baş verib və buna görə saxlanılanlar olub.
Ona görə də hesab edirəm ki, Əli Həsənovun bu qəbuledilməz addımı atmaqda məqsədi birbaşa sizi, ailə üzvlərinizi söyüş hədəfinə gətirməkdir. Çox təəssüf ki, Həsənov buna nail ola bildi. Bunun fonunda heç bir qeyri-etik ifadə işlətməyən insanları da bu kampaniyaya qoşaraq öz nəzarətində olan saytları və Xəzər televizyası vasitəsi ilə xalqa söyüş maşını kimi çatdırmağa çalışmaqla bərabər ən ağır formada təhqir elətdirərək daha da məsələni böyütdü. İndi haqlı olaraq sual yaranır ki, hüquq muhafizə orqanları bu qəbul olunmaz hərəkəti edənləri niyə sərbəst buraxdı?
Cənab Əliyev, mən bu məsələni ictimailəşdirəndən və öz rəsmi facebook səyifəm üzərindən köməkçiniz Əli Həsənova suallar ünvanlayandan sonra 24 saat keçməmiş 14 dekabr saat 14:57-də Əli Həsənov mənə qarşı böhtan və təhdid dolu bir yazı öz rəsmi facebook səhifəsi üzərindən dərc etdi. Yazıda haqlı suallarıma cavab vermək əvəzinə Əli Həsənov məni Ermənistan xususi xidmət orqanlarına işləməkdə, onlardan maliyyə alaraq Əli Həsənova böhtan atmaqda və ən əsası etnik kimliyim, yəni talış olduğum üçün mənə separatçı damğası vurdu.
Qeyd edim ki, mən bu günə qədər Azərbaycan dövlətinin mənafeyinə zidd olacaq hər hansı bir addım atmadım və heç vaxt hər hansı bir ölkənin xususi xidmət orqanları ilə heç bir əlaqədə və yaxudda iş birliyində olmadım. Özüm hərbi xidmətimi məhz cəbhə bölgəsində etmişəm. İndi sual edirəm: niyə Əli Həsənov ölkədə söyüş aparatı ilə bərabər etnik məsələni bilərəkdən qızışdırmaqda məqsədlidir?
Axı siz demirsiniz ki, Azərbaycan tolerant ölkədir? Artıq bunu araşdırmaq və Azərbaycan xalqının milli mənəvi dəyərlərinə daban-dabana zidd olan o qəbul olunmaz hərəkətin niyə Əli Həsənov tərəfindən verildiyini öyrənmək sizin işinizdir.
Sonda sosial şəbəkələrdə Əli Həsənovu müdafiə edənlərə də sual edirəm ki, niyə yayılan məlumata münasibət bildirmək əvəzinə kimisə separatçılıqda ittiham edən, insanları milli kimliyinə görə hədəfə alan Həsənova irad bildirmirsiniz? Ağız dolusu azərbaycaçılıqdan və vətənpərvərlikdən danışırsınızsa, onun TV və saytlarında haqqımda apadığı kampaniyaya da münasibət bildirin. Əks halda onunla eyni mövqe və cəbhədə dayanmış olursunuz…
Hörmətlə: Azər Kazımzadə