AXCP sədri Əli Kərimli ABŞ-ın Türkiyəyə “Patriot” raket komplekləri satmağa qərar verməsini bütövlükdə regionun taleyinə təsir edəcək hadisə kimi qiymətləndirir. Ə.Kərimli bu barədə fikirlərini feysbukda paylaşıb:
Türkiyə-ABŞ münasibətlərində mühüm dönüş baş verməkdədir. Söhbət bütövlükdə regionumuzun taleyinə təsir edən yeni bir açılımdan gedir. ABŞ nəhayət, Tükiyəyə “Patriot” raket hücumundan müdafiə sistemi satmağa razılaşdı. Dövlət Departamenti 3,5 milyard dollarlıq müqaviləni təsdiqləyib, son qərar üçün konqresə göndərib. Türkiyə xeyli müddətdir ki, müasir raketdən müdafiə sistemi almaq istəyirdi. Müxtəlif səbəblərdən ABŞ Türkiyəyə həmin sistemi satmırdı. Türkiyənin Rusiyadan S-400 almaq qərarı isə müttəfiqlər arasında ciddi gərginlik yaratmışdı. ABŞ 5-ci nəsil F-35 hərbi təyyarələrinin Türkiyəyə satışını dayandırmışdı. Düzdür, Türkiyənin Rusiyadan S-400 almaq haqda müqaviləsinin ləğvindən hələlik söhbət getmir. Ancaq məntiqlə Türkiyə Patriotları aldıqdan sonra S-400-lərdən imtina edəcək və almaq istədiyi 120 ədəd F-35 təyyarəsini də ABŞ-dan ala biləcək, bununla da müdafiə qabiliyyətini ciddi şəkildə gücləndirəcək.
Hesab edirəm ki, Suriyanın ABŞ nəzarətində olan Fәrat çayının şərq sahilində Türkiyənin anti-terror əməliyyatına başlaması, ABŞ-ın bu gün həmin bölgələrdən (bütövlükdə Suriyadan) çıxacağı ilə bağlı yayılmış məlumatlar, ABŞ-da Fətullah Gülәn tərəfdarlarına qarşı əməliyyatın başlanması da əldə olunmuş mühüm strateji razılaşmanın detallarıdır. Əgər bu razılaşmalar həyata keçsə, qardaş ölkənin müdafiə qabiliyyəti və regiondakı nüfuzu hədsiz dərəcədə güclənəcək, NATO müttəfiqlərilə münasibətləri daha yüksək səviyyəyə qalxacaq. Heç şübhəsiz ki, Türkiyənin hər bir uğuru bizim də uğurdur. Üstəlik, tarixi təcrübə də göstərir ki, Türkiyənin Rusiya təsirindən uzaqlaşması, güclü və nüfuzlu olması Azərbaycan üçün də hər zaman daha sərfəli olur.