Suriyada müharibəni monitorinq edən qrupun və Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin nəzarətindəki şəhər ətrafında hərbi qüvvələrini cəmləşdirir.
Türkiyə ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması qərarını verməsindən sonra Suriyada söz verdiyi hücumu təxirə salacağını bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd döyüşçülərini ərazidən çıxarmağa söz verib. Ankara Suriyadakı kürd hərbi birləşmələrinin Türkiyə daxilindəki PKK təşkilatı ilə əlaqədə ittiham edir. ABŞ İslam Dövləti qrupuna qarşı mübarizədə Suriyadakı kürd hərbi birləşmələri ilə tərəfdaşlıq edirdi.
Suriyada İnsan Haqlarını Müşahidə qrupu Türkiyənin hərbi qüvvələrini ABŞ hərbi qüvvələrinin yerləşdirildiyi Mənbic ətrafında cəbhə xəttinə göndərdiyini bildirib.
Türkiyənin İHA xəbər agentliyi isə bazar günü Türkiyə hərbi qüvvələrinin gecə Suriyaya göndərildiyi haqda məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, Türkiyə Suriyanın şimal-şərqində Suriyadakı kürd döyüşçülərə qarşı hərbi əməliyyatı təxirə salacaq. O eyni zamanda, ABŞ-ın hərbi qüvvələrini ərazidən çəkmək qərarını alqışlayıb.
ABŞ prezidenti Donald Tramp bu həftə gözlənilmədən Vaşinqtonun təxminən 2 min nəfərdən ibarət əsgəri qüvvəsini Suriyadan çıxaracağını elan edib. Tənqidçilər bildirir ki, Trampın bu addımı Suriyada yeddi ildir davam edən müharibənin diplomatik həlli yolunun tapılmasını çətinləşdirəcək.
Türkiyə üçün bu addım Birləşmiş Ştatlarla toqquşma mənbəyini aradan qaldırır. Ərdoğan uzun müddət NATO müttəfiqini İslam Dövləti qrupuna qarşı mübarizədə Suriyanın kürd YPG döyüşçülərini dəstəklədiyinə görə kəskin tənqid edib. Türkiyə YPG-ni terrorçu qrup və Türkiyə ərazisində kürd muxtariyyəti uğrunda döyüşən PKK-nin qolu hesab edir.
amerikaninsesi.org