Vəziyyət nə bu işə cavabdeh olan qurumun rəisi Əli Ağamirovu, nə də başqa məmurları narahat edir
Son vaxtlar Mingəçevirdə sahibsiz itlərin sayı günbəgün çoxalıb. Sahibsiz itlərin sayının hissolunacaq dərəcədə artması isə şəhər sakinlərinin narazılığına səbəb olub. Bu gün şəhərin mərkəzi küçə və prospektlərində, park və xiyabanlarında küçə itlərinin nəinki gecələr, hətta günün günorta çağı dolaşması adi hal alıb. Şəhərin elə bir ərazisi yoxdur ki, orada sahibsiz heyvanlara rast gəlinməsin. Küçə itlərinin ən çox “meydan suladıqları” ərazilər şəhərin H.Əliyev prospekti, M.F.Axundov, Füzuli, M.Maqomayev, S.Vurğun və 20 Yanvar küçələridir. Adı sadalanan küçələr 120 min əhalisi olan şəhərin mərkəzi hesab olunur. Ən acınacaqlı və biabırçı vəziyyətlərdən biri DTX Mingəçevir şəhər şöbəsiylə üzbəüz – keçmiş 7 saylı uşaq bağçasının ərazisi yaxınlığında hökm sürür. Hava qaralmamış itlər dəstəylə şəhərin ən qədim məhəllələri hesab olunan bu ərazidə sakinlərin kabusuna çevrilirlər. Sahibsiz itlər binaların bloklarında, zirzəmilərdə gecələyirlər. Bəzən səhərlər alaqaranlıqda işə, məktəbə gedən sakinlər bu itlərin hücumuna məruz qalırlar.
Şəhər sakini Vüqar Məmmədovun sözlərinə görə, son günlər az qala hər gün bu problemlə hər gün üzləşir: “Sahibsiz itlər günün-günorta çağı küçədə, məhəllədə qarşımıza çıxır. Gecələr də itlərin boğuşmasından göz yummaq mümkün olmur”.
Lalə İsmayılova adlı digər şəhər sakini isə “Azadliq”-a bunları dedi: “İt dişləməsi quduzluğa səbəb olur. Bunu hər kəs, o cümlədən bu sahəyə məsul olan qurumların rəhbərləri də bilməmiş deyillər. Quduzluq isə vaxtında vaksin vurulmazsa, qısa zamanda ölümlə nəticələnən xəstəlikdir. Binaların zirzəmilərində gecələyən sahibsiz itlər xəstəlik mənbəyidir, ən ağlagəlməz xəstəliklərin daşıyıcılarıdır”.
Yeri gəlmişkən, sahibsiz itlərin şəhərin mərkəzində, ələlxüsus Heydər Əliyevin abidəsi ətrafında günün müxtəlif saatlarında dəstə halında dolaşması nəinki bu işə cavabdeh olanları, ümumiyyətlə yerli məmurları qətiyyən narahat etmir. Söhbət şəhərin əsas prospektində ucalan (ərazisinə görə ölkənin ən kiçik şəhərlərindən olmasına baxmayaraq Mingəçevirdə Heydər Əliyevin 2 abidəsi var – bunlardan biri H.Əliyev prospektində, digəri isə həmin prospektlə kəsişən 20 Yanvar küçəsində – Heydər Əliyev Mərkəzinin qarşısındadır – A.) heykəldən gedir. Açılışında prezident İlham Əliyevin də iştirak etdiyi heykəlin ətrafında bu gün küçə itləri meydan sulayır.
Təəssüf doğuran məqamlardan biri də aidiyyəti orqanlar tərəfindən problemlə bağlı heç bir addım atmamalarıdır. İllərdir ki, şəhərdə sahibsiz heyvanlar üçün sığınacağın yaradılacağına dair vədlər verilsə də, indiyədək bu reallaşmayıb.
Sovetlər dönəmindən ta dünənədək sahibsiz itləri güllələyir, dərman verir, ən azından şəhər ərazisindən uzaqlaşdırırdılar. Bu işlə Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsi məşğul olurdu. Ancaq heyvanlara qarşı qəddarcasına rəftar Avropa Konvensiyasını dəstəkləyənlər tərəfindən pislənəndən sonra dünyada itlərin öldürülməsi vandallıq kimi dəyərləndirilir, ciddi tənqid edilir. Sahibsiz heyvanlarla rəhmli davranmaq barədə tövsiyədən sonra idarə bu istiqamətdə faktiki olaraq heç bir fəaliyyət göstərmir.
“Azadlıq” qəzeti olaraq Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsiylə telefon əlaqəsi yaratdıq. İdarənin rəis müavini Tahir Abdullayevin bizə telefonla söylədiklərini olduğu kimi oxuculara çatdırırıq:
– Tahir müəllim, Sizi “Azadlıq” qəzetindən narahat edirik. Bu gün Mingəçevir şəhərində sahibsiz itlərlə bağlı vəziyyətdən yəqin ki, xəbərdarsınız. Vaxtilə sahibsiz heyvanlarla bağlı tədbilrəri Sizin idarə həyata keçirirdi; itlər güllələnirdi, şəhər ərazisindən uzaqlaşdırılırdı və s. Aydındır ki, hazırda sahibsiz heyvanlarla bağlı vəziyyət bir qədər fərqlidir. Onlara qarşı bu cür rəftar yolverilməzdir. Ancaq bu gün durum çox acınacaqlıdır. Sahibsiz itlər az qala Heydər Əliyevin heykəlinə hücum edirlər.
– Bəli, vəziyyətdən xəbərimiz var. Bu gün də idarəmiz tərəfindən bu istiqamətdə tədbirlər görülür. Sahibsiz itlər zərərsizləşdirilir.
– Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsi olaraq konkret nə edirsiniz, Tahir müəllim?
– Mən bu sualınıza cavab verə bilməyəcəyəm, idarəyə gəlməli olacaqsınız..
– Tahir müəllim, Sizdən dövlət sirri soruşmuruq, sahibsiz itlərlə bağlı soruşuruq. Deyirsiniz ki, itləri zərərsizləşdiririk, biz də soruşuruq nə cür zərərsizləşdirirsiniz: öldürürsünüz, zəhərləyirsiniz, ya başqa tədbirlər görürsünüz?
– Zərərsizləşdiririk.
– Necə zərərsizləşdirirsiniz?
– Sadəcə zərərsizləşdiririk… Mən bundan artığını deyə bilməyəcəyəm…
Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Əvəzində onu qeyd edək ki, bu gün Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsinin yaşı 70-i haqlamış rəisi Əli Ağamirov diqqəti daha çox şəhərin mərkəzi küçələrinə, ələlxüsus İcra Hakimiyyəti və onun qonşuluğunda yerləşən Heydər Əliyev Mərkəzinin ətrafının təmizliyinə və yaşıllıqlara qulluğa yönəldib. Təbii, başqa seçimləri olmadığından hətta aldıqları qəpik-quruş sayılacaq cüzi əmək haqqı müqabilində işçilərin rəhbərliyin göstərişlərini yerinə yetirməkdən başqa çarələri yoxdur.
Yeri gəlmişkən, idarənin yaşıllıqlarıyla seçilən şəhərdə başgicəlləndirici qoxuya malik əsl adı “oleandr” olan, əslində isə “zəqqum çiçəyi” adlandırılan bitkilərə qulluq etməsi də diqqətimizdən yayınmadı. Söyüd ağacının yarpaqlarına bənzədiyinə görə, bu təhlükəli bitkiyə ölkəmizdə “söyüdgülü” də deyirlər. Quraqlığa və bütün iqlim şərtlərinə davamlılığı onu istənilən şəraitdə yetişdirməyə imkan yaradır. Nə qurudulmuş, nə də qaynadılmış halda zəhərlilik xüsusiyyətini itirmir. Deyilənə görə, bu bitkinin yaşıllaşdırmada daha geniş istifadə olunmasının əsas səbəbi qiymətinin ucuz olmasıdır. Bütün növləri zəhərli olan bu gül kollarının təsiri insan ölümünə də səbəb ola bilir. Bu üzdən “zəqqum ağacı”nın bir çox ölkələrdə məktəb və uşaq bağçalarının ətrafında əkilməsi yasaqdır. Bir vaxtlar bu kollar ölkəyə quraq və neftlə çirklənmiş ərazilərin yaşıllaşdırılması üçün gətirilib. Lakin əziyyətsiz gözəllik həvəskarları bu kolu yaşayış yerlərinin bəzəyinə çeviriblər.
Yenidən sahibsiz heyvanlar mövzusuna qayıdaraq qeyd edək ki, əvvəllər küçə itlərini tutub şəhər mərkəzindən aralı – 3, 4, 5-ci dərəcəli zonalara qovurdular. Bu gün sanki kim(lər)sə sahibsiz itləri maşınlara dolduraraq şəhərin küçələrinə buraxıb(lar).
Bəs çıxış yolu nədədir? Mütəxəssislərin fikrincə, sahibsiz itlərlə mübarizə irimiqyaslı işdir, dövlət səviyyəsində həll olunmalıdır. Onun üçün xüsusi olaraq hektarlarla torpaq, sığınacaq yeri, maşınlar, ştatlar ayrılmalı, ən əsası dövlət büdcəsindən vəsait nəzərdə tutulmalıdır. Şəhər ərazisində yığılan sahibsiz itlərin yedizdirilməsi, içizdirilməsi, həkim xidməti, nəqliyyat xərcləri var. Əgər vaxtilə sahibsiz itləri öldürürdülərsə, indi beynəlxalq təşkilatlar, heyvanları müdafiə cəmiyyətləri buna qarşı çıxırlar. Heyvanlar yalnız sığınacaqlarda yerləşdirilməlidir. Zənnimizcə, bu işlə bələdiyyələrin məşğul olması daha məqsədəuyğun olardı. Bələdiyyələrin sahibsiz heyvanlar üçün sığınacaq yaratması, reydlər təşkil edib sahibsiz itləri şəhərin küçələrindən yığışdıraraq həmin sığınacaqlarda yerləşdirməsi, onlara qarşı profilaktik tədbirlər görmək, quduzluq və digər xəstəliklərə qarşı peyvənd eləmək, xəstə olanlara yardım göstərmək, müalicə etmək və s. üçün kifayət qədər imkanları var. Bu gün bütün dünyada, hətta qardaş Türkiyədə də bu praktikadan yararlanırlar.
Azər