Araz Gündüz
Böyük ingilis riyaziyyatçısı, filosofu və ictimai xadimi Bertran Rasselin “Avtobioqrafiyasından” çevirdiyim bu parçanı baxışlarınıza çatdırıram və burada deyilənlərin istənilən aydın (ziyalı) üçün bir manifest olduğunu düşünürəm. Bizdə belə aydınlar neçə nəfərdir, deyə bilərsinizmi?
Mənim bütün ömrümü üç çılğın istək yönətmişdir, yenilməz güclərinə qarşı duruş gətirə bilmədiyim, ilk baxışdan adi görünən bu istəklər: sevib-sevilmək yanğımda, yorulmaq bilmədən oxuyub-öyrənməyə can atmağımda, bir də insanlığın ağrılarına ürəkdən acımağımda özünü göstərmişdir. Bu çılğın istəklər, güclü küləklər sayağı, məni götürüb dördbir yana uçurmuş, bir ağrıdan qurtarmamış o biri ağrıya tuş gətirmiş, çox vaxt da məni təkbaşına, dözülməz sarsıntılarımla üz-üzə qoymuşlar.
Məni sevgiyə bağlayan, onda tapdığım aşıb-daşan, ölçüyəgəlməz sevinclər olmuşdu – məncə, sevgi içində keçən belə saatları yaşaya bilmək üçün bütöv bir ömrə qıymaq da olar. Sevgiyə can atmağımın bir səbəbi də, onun mənim ömrümdən təkliyi qovub çıxara bilməsi olmuşdur, Kainatın sonsuz, qavranılmaz dibsizliyi önündə dayanıb, düşdüyü bu təkliyin qorxuncluğu qarşısında titrəyən insanın, öz sevgisini tapmaqla bu təkliyin caynağından qurtula bilməsindən də gözəl nə ola bilər? Məni sevgiyə bağlayan bir də, burada iki kimliyin qovuşub bir kimliyə çevrilən anında görüb-duya bildiyim gizlinlər olmuşdu: mən bunu, sirli-soraqlı, əski çağlardan qalma bir əlyazmanın üstündə gözə çarpan, cənnəti andıran rəsmə bənzədirəm, həmən əlyazmanın içində isə, bütün bu ilahi gözəllikləri, şairlərlə müqəddəslərin qanadlı sözləri açıqlayır. Mən sevgidə bunları axtarmış, necə ağlasığmaz görünsə də, aradıqlarımı onda tapa bilmişdim.
Sevgidən az olmayan bir çılğınlıqla, bilik öyrənməyə də can atmışam. Bu istək mənə, insan ürəyinin dərinliklərində baş verənləri öyrənə bilmək yanğısı aşılamışdı. Mən bununla, pifaqorçuların bilməcələrini açmağa çalışaraq,– ara vermədən dəyişən təbiətin üzərində, qanunauyğunluqlara arxalanaraq ağalıq eləyən ədədlərin gizlinlərini öyrənmək istəyirdim.
Ancaq, sevgi ilə biliyin mənim əllərimdən tutaraq, göyün ucalıqlarına qaldırdığı anlar çox çəkmirdi, insanların ağrıları məni göyün yeddinci qatından endirib, yenidən Yer üzünə qaytarırdı. İnsanlığın çəkdiyi, dözülməz ağrı-acılarından qopan harayları ürəyimdə əks-səda verirdi: aclıq çəkən uşaqları, zorakılığın qurbanlarını, öz uşaqları üçün gərəksiz bir yükə çevrilmiş əlsiz-ayaqsız qocaları, insanın dünyada təklənməsini, yoxsulluqlar içində əzilməsini, işgəncələr içində qıvrılmasını gördükcə, bunları insanlığa yaraşdıra bilmirdim. Mən bütün bu yamanlıqları yer üzündən silib atmaq istəyirdim, ancaq buna gücüm çatmadığından, özüm də elə insanlığa qoşulub onun bu ağrı-acılarına ortaq olmağa başlayırdım.
Mənim ömrüm, bax belə keçmişdir. Belə bir ömrü yaşamağa dəyərdi və bir də əlimə düşsəydi, mən bu böyük istəklərimlə, onu yenidən başlamaq istərdim.