Beynəlxalq Bankın keçmiş rəhbəri, 3 ildir həbsdə olan Cahangir Hacıyev yaxın vaxtlarda yenidən hakim qarşısına çıxarılacaq. Bundan öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyev yenə də həmin məhkəmədə mühakimə olunacaq. Onun işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq. Bu barədə məhkəmədən bildirilib.
Cahangir Hacıyev məhkəmə önündə təqsirləndirilən şəxs qismində tək olmayacaq. O, daha 21 nəfərlə birlikdə mühakimə olunacaq. Təqsirləndirilən şəxslərin bir qismi həbsdədir. Qalanları barəsində istintaq dövründə polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
Beynəlxalq Bankdan milyonlarla kredit götürüb qaytarılmamasına görə mənimsəmədə suçlanaraq, 12 il 9 ay azadlıqdan məhrum edilmiş keçmiş deputat Dünyamin Xəlilov da təqsirləndirilən şəxslər sırasındadır. Qalan 20 nəfər isə bunlardır: Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıq Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Elxan Cavad, Arif Ramazanov, Nəvai Şirinov, Svetlana Əsədullayeva, İsmayıl Hidayətzadə, Arif Mədətov, Adil Mikayılov, Ramiz Kərimov.
4.7 milyard manatlıq mənimsəmə
İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, Zaqatalada fəaliyyət göstərən “İntertabakko” tütün emalı zavodunun direktoru olub. Bu vəzifədə işləyərkən Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda suçlanaraq həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilən İsmayıl Hidayətzadənin cəzasını Ali Məhkəmə 5 ilə endirib.
“Azərbaycan Konsalting Qrup” MMC-nin rəhbəri olmuş Elxan Cavad da bundan öncə Beynəlxalq Bank məsələsinə görə mühakimə olunub.
Cahangir Hacıyev haqqında ikinci cinayət işi ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, araşdırma zamanı sabiq bank rəhbərinin göstərişiylə qanunsuz veksel (borca görə öhdəlik) əməliyyatları həyata keçirildiyinə dair əsaslı şübhələr yaranıb. Xüsusən, başqa ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərlə ümumilikdə 3.4 milyard dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alışı-satışı haqqında müqavilələr bağlandığı bildirilir.
“Bundan başqa, istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir”, rəsmi məlumatda vurğulanır.
Cahangir Hacıyev və daha 21 nəfər birlikdə 4.7 milyard manatlıq mənimsəmədə suçlanır.
Təqsirləndirilən şəxslərə qarşı külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittihamlar irəli sürülüb.
AzadlıqRadiosu