Mehman Hüseynova həbsdə yeni cinayət işi açılması ilə bağlı
2018-ci il dekabrın 26-da rəsmi açıqlamaya görə, 2017-ci ilin mart ayından 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza şəkən və 2 aydan sonra azadlığa çıxmalı olan video-bloger Mehman Hüseynova qarşı həbsxana işçisinə zor tətbiq etmək ittihamı ilə yeni cinayət işi açılıb. Məhkəmə ittihamları təsdiqləyərsə, jurnalist daha 3 il azadlıqdan məhrum edilə bilər.
Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup (İQ) nüfuzlu yerli və beynəlxalq qurumların vicdan və siyasi məhbus kimi tanıdığı blogerin yeni cinayət təqibinin arxasında siyasi motivlər dayandığına şübhə etmədiyini bəyan edir və Azərbaycan hökumətinin öz tənqidçilərinə düşmən münasibətinin növbəti biabırçı təzahürü olan bu addımı kəskin pisləyir.
M.Hüseynova açılmış cinayət işi hökumətin tənqidçilərinə həbslərlə cavab vermək siyasətindən geri çəkilmək niyyətində olmadığının, ifadə, tənqid azadlığını saya almadığının növbəti təzühürüdür.
M.Hüseynov həbsdən buraxılmasına az qalmış qurama ittihamla şərlənən yeganə şəxs deyil. Hökumət öz tənqidçilərini, siyasi opponentlərini sıradan çıxarmaq, başqalarının gözünü qorxutmaq üçün vaxtaşırı bu iyrənc metoddan istifadə edir.
– 2007-ci ildə jurnalist Eynulla Fətullayev yazılarına görə ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib. 2010-cu ildə Avropa Məhkəməsinin jurnalistin dərhal azadlığa buraxılmasını nəzərdə tutan qərarından sonra həbsxanadakı ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qurama narkotik saxlama ittihamı irəli sürülüb və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
– 2018-ci ilin sentyabr ayında başqa bir vicdan məhbusu, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Məmməd İbrahim eyni qurama cinayət işinin qurbanı olub. 2015-ci ilin sentyabr ayında xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş siyasətçiyə cəzasının başa çatmasına bir neçə gün qalmış qondarma soyuq silah saxlama ittihamı irəli sürülüb və azadlığa çıxa bilməyib.
– 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunmuş keçmiş səhiyyə naziri Əli İnsanova da həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda yeni cinayət işi açılıb. Azərbaycan hökumətini, prezidenti sərt tənqid edən keçmiş nazir 2017-ci ilin aprel ayında 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.
– 2012-ci ilin oktyabr ayında hicaba azadlıq aksiyalarında həbs edilmiş və cəzası 2018-ci ilin oktyabr ayının 5-də tamam olan Telman Şirəliyevə həmin ilin sentyabr ayında soyuq silah saxlama ittihamı irəli sürülüb, dekabr ayının yeni məhkəmə hökmü ilə 20-də 5 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib.
– 2016-cı ilin mart ayından həbsdə olan və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş başqa bir siyasi məhbus Elnur Cavabdovun cəzasının müddətinin bitməsinə bir neçə gün qalmış 2018-ci ilin oktyabrın əvvəllərində barəsində yeni cinayət işi açılıb; cəzaçəkmə müəssisəsi onun yatağının altından biz tapıldığını iddia edib. E.Cavadov 5 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib.
Adları qeyd edilən şəxslərin hamısını yerli və beynəlxalq hüquq müdafiə təşkilatları siyasi məhbus elan edib. Bunlar Hökumətin şərləmə siyasətinin qurbanlarının hamısı deyil.
İşçi Qrup hesab edir ki, Avropa Birliyi, Avropa Şurası, ATƏT, BMT və digər beynəlxalq birliklər Azərbaycanda insan hüquq və azadlıqlarının durumunu təcili müzakirə etməli, bu sahədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini daha sərt şəkildə Azərbaycan hökumətindən tələb etməli, AŞ PA-nın Azəbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin öz hesabatı üzərində işinin sürətləndirilməsi və tez bir zamanda qurumun müzakirəsinə çıxarılması üçün səylər gücləndirilməlidir.
İQ beynəlxalq qeyri-hökumət təşkilatlarını Azərbaycanda siyasi məhbus problemi ilə bağlı daha geniş kampaniyaların təşkilinə, Amnesty İnternational Təşkilatını cəzalarının müddəti başa çata-çatda, həbsxana işçilərinə qarşı fiziki zorakılıq, qanunla qadağan olunan əşya saxlama və bu kimi qurama ittihamlarla təkrar həbsə atılan şəxslərin vicdan məhbusu kimi tanınması məsələsini daha sürətli prosedurlar əsasında nəzərdən keçirməyə çağırır.
İQ həmçinin, Avropa Məhkəməsinə müraciət etmək hüququ tanınmış şəxslərdən (məsələn, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və s.) Mehman Hüseynovun işi kimi qurama işlərin prioritet qaydada və ölkədaxili müdafiə vasitələri tükəndirilmədən baxılması məsələsini bu qurumun qarşısında qaldırmağı xahiş edir.