Siyasi məhbus, bloqçu Mehman Hüseynov barəsində yenidən qondarma cinayət işi açılmasına etiraz olaraq ölüm aclığına başlayıb. Bu barədə dekabrın 28-də onunla saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində görüşən vəkillərindən Şəhla Hümbətova məlumat verib.
Ş.Hümbətova deyib ki, görüşdə digər vəkil Fuad Ağayev də iştirak edib.
Vəkil bildirib ki, Mehmana dekabrn 26-da 10 günlük cəza təcridxanasına salınma qərarı çıxarılıb. O, şahid kimi dindirilib, daha sonra Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir.
“Mehman Hüseynovun səhhəti çox kritik vəziyyətdədir. Hüseynov dekabrın 26-dan quru aclıq edir. Yemək yemir və su içmir. Üç gün ac və sussuz qaldığına görə səhhəti çox zəifləmişdi və çox pis idi. O ayaq üstə dayana bilmirdi. Hər iki tərəfdən – sağdan və soldan qolundan tutub bizimlə görüşə gətirdilər. O qədər halsız idi ki, vəkillərlə görüş otağına daxil olan kimi yerə yıxıldı”, – deyə Hümbətova Amerikanın Səsi radiosuna bildirib.
Vəkil deyib ki, Mehmandan heç olmasa su içməsini xahiş ediblər, amma o, xahişi qəbul etməyib: “O bizim xahişimizi qəbul etmədi. Bəyanatı da belədir ki, ona qarşı haqsızlıq baş verir, böhtan atılır, olmayan hadisəyə görə cinayət işi açılıb. Dünən ona ittiham elan olundu. Mehman ifadəsində bildirdi ki, heç bir hadisə baş verməyib, Əli Abdalovu vurmayıb. Ona heç yaxınlaşmayıb da, Əli Abdalov özü yerə yıxılaraq “məni vurdu” qışqırıb”.
Vəkilin sözlərinə görə, Mehman Hüseynov ona qarşı baş verən haqsızlığa son qoyulanadək ac və susuz qalacağını bildirib. Bloqçu vəkilləri vasitəsi bəyanatının yayılmasını da istəyib.
“O bildirir ki, hüquqları pozulur. Ona şər, böhtan atılır. Onu azadlığa buraxmamaq üçün təxribat törədiblər və bu məqsədlə yeni cinayət işi açılıb. Ona qarşı elan edilən ittiham 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Ona görə Mehman ombudsmana, ölkə prezidentinə, birinci vitse-prezidentə, baş prokurora ərizələr də yazıb. Sadəcə olaraq məlumat kimi bildirib ki, ona qarşı haqsızlıqlar baş verir. O yazır ki, o vaxta qədər ac və susuz qalacaq ki, ya buna son qoyulacaq, ya da öləcək”,- deyə vəkil Hümbətova bildirib.