Blogger, vicdan məhbusu Mehman Hüseynova 2 illik həbs müddətinin bitməsinə az qalmış həbsxanada yenidən şərlənərək, yeni cinayət işinin açılması fəal ictimaiyyətin etirazına səbəb olub. Bu qanunsuzluq və ədalətsizliyə AXCP sədri Əli Kərimli də feysbuk hesabında münasibət bildirib. AXCP lideri cəmiyyəti bu hadisəyə sərt etiraz bildirməyə səsləyib.
“Vicdan məhbusu Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması bütövlükdə cəmiyyəti ayağa qaldırmalıdır. Bu şərləmə təkcə Mehman bəyə, azad mətbuata qarşı deyil, bütövlükdə cəmiyyətə, onun azadlıq arzularına qarşıdır. Bu günlərdə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə, hicab məhbusu Telman Şirəliyevə qarşı da həbsdə ikən ikinci cinayət işi açılıb. Bu artıq yeni tendensiyadır. Rejim cəmiyyətə açıq deyir ki, siyasi məhbusları nəinki vaxtından əvvəl, hətta vaxtında da azad etmək fikri yoxdur. Əksinə, bacarsa, onları daimi olaraq həbsdə saxlayıb, məhv etmək istəyir. Bu rəzalətə hamılıqla etiraz etməliyik”.