Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Rusiyadan noyabrın 25-də Kerç boğazında həbs edilmiş Ukrayna dənizçilərinin “dərhal və qeyd-şərtsiz” azad olunmasını tələb ediblər.
Reuters agentliyinin yaydığı xəbərə görə, iki lider bildirib ki, dənizçilərin həbsi qanunsuz olub və onlar heç bir şərt qoyulmadan azad olunmalıdır.
Makron və Merkelin birgə bəyanatında deyilir ki, “dənizçilər bayramları öz ailələri ilə keçirmək imkanına malik olmaldırlar”.
Noyabrın 25-də Ukraynanın üç gəmisi – Berdyansk və Nikopol zirehli katerləri, habelə Yanı Kapu reyd yedəkçisi Rusiyanın sahil keşikçiləri tərəfindən əvvəlcə taran edilib, sonra isə atəşə tutulub.
Ukrayna hakimiyyət orqanlarının dediyinə görə, bu hadisə Ukrayna gəmiləri Rusiyanın 12 millik sahil zolağını tərk etdikdən sonra baş verib.
Sözü gedən üç gəmidə 24 Ukrayna dənizçisi olub və onlardan bəziləri toqquşma zamanı xəsarət alıb. Hazırda həbs edilənlərin əksəriyyəti Moskvadakı Lefortovo həbsxanasında saxlanılır. Ukrayna və dənizçilərin özləri onların müharibə əsirləri olduqlarında israr edirlər.
Lakin Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov dekabrın 28-də deyib ki, “Ukraynanın saxlanmış dənizçilərini müharibə əsiri saymaq üçün heç bir əsas yoxdur”.
Onun sözlərinə görə, söhbət dövlət sərhədinin qanunsuz keçilməsindən gedir.
Merkel və Makronun birgə bəyanatında həm də Rusiyadan Kerç boğazından bütün gəmilərin maneəsiz keçidinə imkan yaratması tələb edilir.
amerikaninsesi.org