O, əvvəlki həbsdən qalan 2 günü də çəkməli, üstəlik, 167 manat ekspertiza xərci ödəməlidir
AXCP Rəyasət Heyətinin üzvü, üç illik həbs müddətinin bitməsinə 2 gün qalmış qalmış yeni cinayət işi ilə şərlənən Məmməd İbrahimə bu gün – Yanvarın 10-da Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M,İbrahim 5 ay 20 gün+2 gün(əvvəlki həbs müddətinin qalığı) həbs cəzası verilib. O, üstəlik, 167 manat ekspertiza xərci ödəməlidir.
Bu isə o deməkdir ki, Məmməd İbrahim 2 ay 12 gündən sonra həbsdən azad ediləcək. Yeni nəsə düşünməsələr…
Yanvarın 8-də keçirilən prosesdə prokuror M.İbrahimə 6 ay 2 gün iş istəmişdi.
M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. 2018-ci il sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Yasamal Rayon Məhkəməsinin qərarıyla haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.
O, ittihamı qəbul etmir və bıçağın yatağına müəssisənin əməkdaşlarının atdığını, məqsədin isə onun həbs müddətini uzatmaq olduğunu deyir.
azadliq.info