“Legat”inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
11 yanvar 2019-cu il tarixində Dövlət Miqrasiya Xidmətində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın 2018-ci ildə uğurla inkişaf etdiyini, ölkəmizin bütün sahələrdə, o cümlədən, iqtisadiyyat və beynəlxalq siyasətdə möhtəşəm nailiyyətlərə imza atdığını bildirib. Qeyd edib ki, dövlət rəhbərliyinin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlar təbəqəsi formalaşıb, qeyri-neft sektorunun, xüsusilə turizmin ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb.
Lakin, rəis ölkə vətəndaşlarını narahat edən aşağıdakı məsələlərdən danışmağı unudub və ya qəsdən bunlar haqqında danışmayıb. Tədbirdə iştirak edən “azad ölkənin azad mətbuatının azad təmsilçiləri” də bu məsələlər haqqında sual verməyi yaddan çıxarıblar:
1. Nə üçün ölkənin miqrasiya siyasəti daha çox xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı readmissiya sazişləri və bu sazişlərin həyata keçirilməsi üzrə protokollar, o cümlədən, xarici dövlətlərin miqrasiya orqanları ilə əlaqələrinin gücləndirilməsinə hesablanıb? Bununla bağlı 30 –a yaxın müqavilə hazırlanıb. Niyə bu qədər həmvətənimiz xaricdə qanunsuz yaşamaq üçün ölkədən baş götürüb qaçmalıdır? Nə üçün rəis ölkədən cıxışına qanunsuz qadağa qoyulan şəxslər haqqında danışmayıb?
2.Ölkənin giriş və çıxış sərhədlərində, xüsusilə Astara, Qırmızı Körpü, Samur, Biləsuvar sərhəd buraxılış məntəqələrində baş verən qanunsuzluqlar və insanların saatlarla növbələrdə dayanması nə ilə bağlıdır, normal hərəkət azadlıqlarının pozulmasına səbəb olan hallar nədir?
3. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün müraciət edənlərin və müraciəti təmin edilənlərin siyahısı niyə gizlin saxlanılır, vətəndaşlıqdan çıxmaq ücün edilən müraciətlər niyə qanunda nəzərdə tutulduğu müddətdə icra edilmir? Qanunla müəyyən edilmiş 6 ay müddəti niyə bəzən iki ildən də cox müddətə uzadılır?
4. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Kanada, Qazaxıstan kimi Azərbaycan vətəndaşlarının daha çox məskunlaşdığı ölkələrlə miqrantların leqallaşdırılması ilə bağlı niyə müqavilələr bağlanmır? Məsələn, V.Hüseynov Türkiyədə yaşayan 200 000 Azərbaycan vətəndaşının statusuna və vəziyyətinə də münasibət bildirməyib.
5. Bundan başqa xidmət rəisi sevincək qeyd edir ki, 2018-ci ildə Xidmətin fəaliyyət imkanları genişləndirilərək, “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələri fəaliyyətə başlayıb. Bu əslində dövlət büdcəsinin talanması, sərhəd buraxılış məntəqələrində lüzumsuz yoxlamaların sayının artırılmasından başqa bir şey deyil. Regionlarda ştat vahidlərinin sayı artacaqsa, onda elektron hökümətin qurulmasına çəkilən xərclər hara gedib?
6. Xidmət rəisi DMX-nın fəaliyyəti barədə maarifləndirmə və məlumatlandırma işinin təşkilinə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Miqrasiya sahəsində vətəndaşların maarifləndirilməsi tam yanlış istiqamətdə aparılır. Hədəf qrupları düzgün seçilməyib .
7. Vüsal Hüseynov 2018-ci il üzrə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair əsas statistik rəqəmlərdən danışanda qeyd edib ki, 2018-ci il ərzində 2.845.697(2017-ci ilin müvafiq dövründə 2.692.219) əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 6% artım olduğunu göstərir. Xidmət rəisi yəqin ki, utandığından həmin turistlərin vətəndaşlıq mənsubiyyətini gizlədir. Cünki onların böyük əksəriyyəti xaricdə, xüsusiylə Rusiya, Gürcüstan, Türkiyə və Ukraynada yaşayan və həmin ölkələrin vətəndaşlığını almış soydaşlarımızdır. Onların tarixi vətənlərinə yaxınlarına baş çəkməyə gəlməsi turizmin inkişafı kimi gözə soxulmalı deyil. Bunun ölkədə aparılan siyasətlə heç bir bağlılığı yoxdur.
8. Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27509 müraciətin daxil olması, xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası isə daha çox Miqrasiya Xidmətinin fəaliyyətsizliyi ilə bağlıdır.
Bu, xidmət rəisinin çıxışı əsasında gəldiyim ilkin nəticələr idi. Lakin ilk imkandaca DMX-nin açıqlamasına daha ətraflı münasibət bildirməyə çalışacağam.