Hikmət Nikbin
Gizlədilmiş Konstitusiyaya görə, yaradılmış bütün dövlət qurumları ölkə Vətəndaşlarına xidmət etmək üçündür.
Həqiqət isə ondan ibarətdir ki, ailə hakimiyyəti Azərbaycan xalqından da, Vətəndaşdan da daha böyük anlam, daha böyük məna daşıyır.
Sanki, Azərbaycan dövləti ailə hakimiyyəti üçün mövcuddur.
Sanki, Azərbaycan dövlətinin mahiyyətində ailə hakimiyyəti dayanır.
Sanki, Azərbaycan dövləti Xalq üçün yox, yalnız dar çərçivədə -ailə idarəçiliyinin hüquq və azadlığını, onun təhlükəsizliyini, şəxsi maraqlarını təmin etmək üçün mövcuddur.
Özünə vurğunluq, arxayınlıq, özünü düşünmək həddsizliyi həqiqətən də çox dözülməz bir hal alıb.
Hələ də Respublikamızın Ərazi bütövlüyü yox !
Hələ də işsizlik, mənzilsizlik, hüquqsuzluq…
Ölkə insanları isə Vətəndaşdan daha çox TƏƏBƏləri xatırladır.
Komanda Xalqın yox, öz şəxsinin və qrupların müdafiəçisidir.
Bu baxımdan təəbələrlə (vətəndaşlarla) Dövlət arasında hüquqi bağlılıq yox !
Göründüyü kimi, Azərbaycan xalqının HAQQ etdiyi idarəçilik ailə hakimiyyəti tərəfindən oğurlanıb.
Bu səbəbdən də, Dünya bu komandanın Ölkəmizi QEYRİ KONSTİTUSİON üsullarla idarə etməsinin şahidi olur.
Ölkədə yüzdən yuxarı siyasi məhbus var.
Bu, Respublikamız üçün çox dəhşətli bir rəqəmdir.
Olduqca böyük rəqəmdir.
Siyasi məhbusların ildən-ilə artması hakimiyyətlə cəmiyyətin yumruq-yumruqa dayanmasını şərtləndirir, ifadə edir.
Bu rəqəm- təsadüfi komandanın Azərbaycan cəmiyyətinə çox böyük problemlər yaşatdığını göstərir.
Başa düşün, dünyada mövcud olan hər bir hakimiyyət (demokratik hakimiyyətləri nəzərdə tuturam) HAMI ÜÇÜN MƏCBURİ OLA BİLMƏZ !
İnsanların baxışı, düşüncəsi zorlanmamalıdır!
Yanlış təsəvvürünüz var !
Bir qütblü, bir baxışlı, bir yanaşmalı cəmiyyət qurmaq fikriniz idisə, daha seçkilərə nə ehtiyac vardı?
Yaşasın monarx demək kifayət edərdi.
Siz hakimiyyətdən getməyə çoxdan haqq etmisiniz!
Dünyanın istənilən idarəçiliyində nöqsan və qüsur var, bu, danılmaz həqiqətdir.
Ancaq çatışmazlıqların aradan qaldırılması üçün daimi mübarizə də mövcuddur.
Ailə hakimiyyətində nöqsan və qüsuru göstərənlərin nəsibi zindan olur.
Bu, cəmiyyətə çox eybəcərcəsinə yanaşmaqdır.
Ölkədə hər şey şərtidir.
Qanunvericilik də şərtidir.
Məhkəmə də şərtidir.
İcra da şərtidir.
Bütün hakimiyyət bəy Əliyevlə, xanım Əliyevanın əlində cəmlənib.
Budur Ölkənin dövlətçilik faciəsi!
21-ci əsrdə dağınıq cəmiyyətdə Monarxiyaya söykənən feodal dövləti.
Prezidentin dünənki iclasında yenə də BƏR-BƏZƏKLİ rəqəmlər…
Məgər, Azərbaycan ictimaiyyəti bir illik yaddaşa məxsusdur ?
Yenə TV-lər Respublikamızın sabahı üçün xoşbəxtliklər püskürür.
Yenə ACAQ, ƏCƏK şəkilçiləri gündəmi qəsb edib.
Sov.İKP Sovet sakinlərinə kommunizmi gözlədən kimi, ailə komandası da Azərbaycan insanına sabahıyla “gələn” xoşbəxtliyini gözlədir.
Nə çox sabahlar !
Xoşbəxtliklər yeni il deyil ki, gələ!
Xoşbəxtliyi qururlar!
Qayıdın, prezidentin artıq köhnə hesab edilən illərindəki ilk çıxışlarına-2018, 2017, 2016…
Görün, nə dəyişib ?