Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbələri Bakının Buzovna qəsəbəsində yerləşən Y.Gindes adına Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyasını ziyarət ediblər. Oradakı uşaqların Yeni il bayramlarını təbrik etmək məqsədilə gedən tələbələr gördüklərindən dəhşətə gəliblər.
Bu barədə Azərbaycan-a BDU-nun 2-ci kurs tələbəsi, “Gəl danış” tələbə kollektivinin nümayəndəsi Lalə Nizam məlumat verib. İnternatın sakinlərini – 3-7 yaşlı uşaqları yoxsulluq, antisanitariya, cəmiyyətin laqeydliyi və tərbiyəçilərin qəddar davranışları əhatə edib. Bu soyuq, qaranlıq və çirkli otaqlarda uşaqlar yaşayır.
“Mən indiyə qədər uşaqların vəziyyətini görərkən düşdüyüm şokdan özümə gələ bilmirəm. Biz hədiyyələr, geyimlər və şirniyyatlar alaraq, oradakı yetim uşaqları təbrik etmək üçün sanatoriyaya getmişdik. İstəyirdik ki, onları sevindirək. Amma orada gördüklərimizdən sonra sevincimiz üzümüzdə dondu. Və biz qərara gəldik ki, burada baş verən hər şeyi öyrənək və ictimailəşdirək. Uşaqlar elə vəziyyətdə yaşamamalıdırlar. Uşaqlarla yaxşı rəftar edilməlidir, yetim uşaqlarla isə xüsusilə” – deyə Lalə Nizam bildirib.
Tələbənin dediyinə görə, bu müəssisənin hər yerində antisanitariya hökm sürür: “Uşaqların normal yaşaması üçün heç bir şərait yoxdur. Yataq otağının pəncərələri qırıqdır, divarları çirkli və cızılmış haldadır, qızdırıcı yoxdur, uşaqlar çirkli və mələfəsiz döşəklərdə yatırlar. Hətta bir çox uşağın yatmağa çarpayısı belə, yoxdur”.
“Sanatoriyanın mətbəxi isə, demək olar ki, yoxdur. Uşaqlar çirkli boşqablarda yemək yeyirlər. Mətbəx avadanlıqları elə vəziyyətdədir ki, onları sadəcə atmaq daha doğru olar. Hamam və tualet haqqında isə, ümumiyyətlə, danışmağa dəyməz. Tualetdən və uşaqların paltarlarından ətrafa pis qoxu yayılır. Və uşaqlar bu şərtlər altında vərəmdən müalicə olunurlar” – deyə L.Nizam bildirib.
“Uşaqlara qayğı dəhşətli vəziyyətdədir. Əgər onlara tərbiyəçi demək mümkündürsə, o adamlar uşaqlarla normativlərdən kənar leksikonla danışır, onlarla qəddar rəftar edir, qışqırır və onları döyürlər. Bir-biri ilə ünsiyyət quran uşaqlar da qeyri-ixtiyari təhqiramiz ifadələrdən istifadə edirlər. Bizim gəlişimizdən qorxuya düşərək özlərini itirən tərbiyəçilər uşaqlara qışqırır və onları söyürdülər” – o, əlavə edib.
Azərbaycan bu müəssisədə tərbiyə olunan uşaqların gələcəyi və oradakı ümumi vəziyyətlə bağlı məlumat almaq üçün Y.Gindes adına Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyasının baş həkimi Sima Həmidzadə ilə əlaqə saxladıq.
Məlum olub ki, sanatoriyanın yerləşdiyi binanın 150 yaşı var. Onu təmir etmirlər, çünki prezident İlham Əliyevin sərəncamı ilə Buzovna qəsəbəsində yeni dördmərtəbəli bina tikilir. S.Həmidzadənin sözlərinə görə, hazırda orada tamamlama işləri gedir və ola bilsin ki, may ayında köhnə sanatoriyanın sakinləri və işçiləri yeni binaya köçsün.
Baş həkimin sözlərinə görə, prezident sanatoriyanın tikintisinə 3 milyon manat vəsait ayırıb: “Ora lazım olan bütün avadanlıq alınıb. Sadəcə yeni binanın açılışını gözləmək qalır”.
Hazırda sanatoriyada 36 uşaq tərbiyə alır. Həmidzadənin sözlərinə görə, tələbələr sutkanın qaranlıq vaxtında, özü də xəbər vermədən gəliblər.
“Onlar elə yerlərdən şəkillər çəkiblər ki, sanki bunu qəsdən ediblər. Biz tələbələri müəssisəyə buraxan işçiləri cəzalandırmışıq, çünki onların tələbələri içəri buraxmaq ixtiyarı yoxdur. Bəli, burada vəziyyət çoxdandır yaxşı deyil, amma bunun izahı da var” – deyə Həmidzadə bildirib.
Baş həkim sanatoriyanın mətbəxinin hansı səbəbdən olmadığına da aydınlıq gətirib. Deyib ki, burada gündə dörd dəfə yemək verilir: “Bura mərkəzləşdirilmiş qaydada hazır yeməklər gətirilir”.
Lalə Nizamın tərbiyəçilərin uşaqlarla kobud rəftarı barədə dediklərinə gəlincə, baş həkim bunun yalan olduğunu iddia edib: “49 ildir burada işləyirəm və indiyə qədər burada bir dəfə də olsun xoşagəlməz hal baş verməyib”.
sputnik.az