Yerindəcə müşavirə edən hakim vəsatəti təmin etmədi
AXC hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin məhkəməsi fevralın 6-da davam etdirilib.
Proses deyildiyi vaxtdan yarım saat gec, saat 15.00-da başladı. Saleh Rüstəmlinin qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmli şahid kimi ifadə verdi: “Həmin gün Gədəbəydən Bakıya gəlirdik. Maşında yatmışdım, səsə ayıldım ki, Salehi maşından düşürdürlər, ətraf polislə dolu idi. Salehi düşürdəndən sonra tələb etdilər ki, “sumkasını” da verin. Nə baş verdiyini anlamırdım, şokdaydım. Heç orda olan polislərin bəziləri də nə baş verdiyini bilmirdi. Onlar bizdən soruşdu ki, kimdir bu adam, niyə tuturlar, biz də dedik Gədəbəyin keçmiş icra başısı Saleh Rüstəmovdu, niyə tutduqlarını, hara apardıqlarını bilmirik. Salehi aparanlar maşını Şəmkir istiqamətinə sürüb getdilər. Yoldaşım orda soruşmuşdu hasra aparırlar, bir mayor demişdi “Bandotdel”ə. Gedəndə polislərə də deyiblər ki, bunları hələ buraxmayın, 20 dəqiqə sonra buraxarsız… Ondan sonra Salehdən heç bir xəbər ala bilmədik. Ancaq mətbuatdan oxuduq ki, guya Şəmkir parkında tutublar, üstündən də narkotik çıxıb. Biz Şəmkirdən trpanzit kimi istifadə edirik, heç mağazadan düşüb nəsə almırıq, o parkınsa yerini belə bilmirik. Bizi əvvəlcə buraxmaq istəmirdilər, xəstə adamam, vəziyyətim pisləşdi, qışqırdım, polislər də tez buraxdı, heç 20 dəqiqəni gözləmədilər”.
Sonra hadisənin daha bir şahidi, Saleh Rüstəmlinin qardaşı ifadə verdi. O da həmin gün Gədəbəydən Bakıya gəldiklərini, ancaq Şəmkir postunda saxlandıqlarını, Saleh Rüstəmlinin maşından düşürülüb naməlum istiqamətə aparıldığını dedi: “Qardaşımı maşından düşürtdülər, heç nə də demirdilər, heç olmasa qardaşımı hara apardığınızı bizə bildirin deyəndə onlardan biri qayıtdı ki, hara aparıldığını mayor sənə deyəcək. Onlar gedəndən sonra həmin mayor qardaşımın Bakıya – “Bandotdel”ə aparıldığını dedi. Hadisənin şokundan ayılan kimi – təxminən 15-20 dəqiqə sonra Vidadiyə zəng vurdum ki, əmini apardılar, bu barədə Rusiya səfirliyinə xəbər ver. Sonra da “102”yə məlumat verdim. Ancaq Salehin harda olduğu barədə heç kim bizə məlumat verməyib”.
Şahid ifadələrindən sonra Babək Həsanov hakimə vəsətəti olduğunu dedi. O, bütün ifadələrin onlardan “Bandotdel”də işgəncə altında alındığını, ancaq Kürdəxanıya köçürüləndən sonra əsl həqiqətləri vəkillərinə çatdırdıqlarını bildirdi: “Bu işdə əsas ünvanlardan biri Əli Kərimlidir, pulların bir hissəsinin ona verildiyi deyilir. Ona görə Əli Kərimlinin də şahid kimi prosesə çağırılıb dindirilməsini tələb edirəm”.
Hakim başqa məhbuslardan və vəkillərdən bu vəsatəti dəstəkləyib-dəstəkləmədiklərini soruşdu. Heç kim etiraz etmədi. Ancaq yerindəcə müşavirə edən hakim vəsatətin əssasız olduğunu deyib təmin etmədi.
O, prosesdə sənədlərin tədqiqi hissəsinə başladıqlarını bildirdi. Ancaq bunun üçün vaxt gərək olduğunu əsas gətirib növbəti məhkəmə iclasını 8 fevral saat 15.00-a təyin etdi.
Azadliq.info