Fevralın 7-də Azərbaycan Beynəlxalq Bankının vəsaitlərinin mənimsənilməsi işi üzrə məhkəmədə bankın İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyev ifadə verib.
Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində keçir. C.Hacıyev, onun qohumu İsmayıl Hidayətzadə və keçmiş deputat Dünyamin Xəlilov daxil olmaqla, 22 nəfər ittiham olunur. Digər 19 nəfər həbsdə deyil.
C.Hacıyev ifadə verərkən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini zorla pul tələb etməkdə ittiham edib: “Hələ 2005-ci ildə məndən 20 mln. avro tələb etdilər. Həmin adamlar mənə qarşı bu cinayət işini 2015-ci ildə saxtalaşdırdılar”.
C.Hacıyev həbsxanada hüquqlarının pozulmasından, yaxınları ilə telefon danışıqlarına, vəkillərilə ilə görüşlərinə qadağa qoyulmasından şikayət edib.
O 4,7 mlrd. manatın mənmsənilməsi barədə ittihamı rədd edib. “Bilirsiniz, bu məbləğ nə deməkdir? Bu, dövlət büdcəsinin yarısı deməkdir, bu məbləği mənimsəmək mümkün deyil. Bu, Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmidir.
Azərbaycan Beynəlxalq Bankın Moskva filialının aktivləri 2 mlrd. manat olub. Belə olan halda orada 4,7 mrld. manatı necə mənimsəmək olar?
Dövlət ittihamçısı deyir ki, iş 365 cilddən ibarətdir, halbuki, orada 361 cild var. Cildlərin heç birində vəsaitin mənə ayrılması, ya da mənim yaxınlarımın hesabına köçürülməsi, şəxsi əmlakın alınmasına yönəldilməsi barədə sənəd və ya ifadə yoxdur”, -C.Hacıyev davam edib.
O deyib ki, dövlət məmuru olmayıb və şəxsi biznesi olub və şəxsi biznesdən gələn gəlirin hesabına ailə tərəfindən alınmış əmlakı olub.
C.Hacıyev xatırladıb ki, 2010-2013-cü illərdə ABB-yə qarşı bir neçə cinayət işi başlayıb və onları Vergilər Nazirliyi araşdırıb. Ancaq bütün işlər prokurorluq tərəfindən qapadılıb.
Layihələrin davamlılığı müəyyən olunmadan kreditlərin verilməsilə bağlı ittihama cavab olaraq C.Hacıyev deyib ki, həmin pullar Dövlət Proqramı çərçivəsində 600 min iş yerinin yaradılması üçün ayrılıb.
“Dünyamin Xəlilov ittihamları rədd edən sənədləri təqdim etdi, ancaq istintaq onları qəbul etmədi. Niyə? Bəzi şirkətlər var ki ABB-nin kreditləri hesabına fəaliyyətə başlayıblar, ancaq indi onların adlarını dəyişiblər. Belə ki, “İntersteklo” “Azersteklo” olub. Adın dəyişdirilməsi onun yeni müəssisə olması demək deyil. Dünyanın heç bir yerində belə şey yoxdur, aktivləri alırlar (bankdan), passivləri saxlayırlar”, – C.Hacıyev bildirib.
D.Xəlilovun şirkətinə kreditlərin ayrılması barədə prokurorun sualının cavabında C.Hacıyev deyib: “Müəyyən “qırmızı xətlər” var ki, mən onları keçmək istəmirəm. Özünüz başa düşürsünüz və məni bunu etməyə məcbur etməyin. İstəyirsiniz, mən deyim ki, mənə kim göstəriş vermişdi bunu etməyə? Ancaq mən bu səviyyəyə enmərəm”, – keçmiş bankir ölkə rəhbərliyinə işarə edərək deyib.
Onun sözlərinə görə, onun idarəçiliyi dövründə ABB-nin aktivləri 7 mlrd. dollar təşkil edib. dövlət müəssisələrinə və şirkətlərə verilən kreditlər çıxılmaqla cəmi 2 mlrd. dollar qalıb.
“Tutaq ki, Cahangir Hacıyev pis menecer olub, mənimsəyib. Ancaq 2 mlrd. dollardan artıq mümkün deyil. Əgər bankdan 2 mlrd. yoxa çıxıbsa niyə məndən sonra bankın sağlamlaşdırılması üşün 12 mlrd. dollar ayrılıb. Hanı həmin vəsait?
SOCAR-a 1,5 mrld. ayrılıb, sonra onları siliblər. Hanı qalan 8 mlrd.? Əsl cinayət budur. Həmin milyardların yoxa çıxması bizdən sonra olub”, – C.Hacıyev deyib.
Hüquq-mühafizə orqanlarının bank sektoruna müdaxiləsi pis presedentə çevrilib. Nəticə? 11 bank bağlanıb, Əmanətlərin Sığortalanması Fondu iflic vəziyyətinə düşüb. Vaxt gələcək, bu müttəhimlər kürsüsündə əsl cinayətkarlar oturacaqlar”, – o deyib.
Məhkəmə prosesdi fevralın 11-də davam edəcək.
* Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib.
C.Hacıyev və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.
Dekabrın sonunda baş prokuror bildirib ki, C.Hacıyevə qarşı yeni maddə – külli miqdarda vəsaitin mənimsənilməsi, cinayətkar yolla əldə edilmiş vəsaitin leqallaşdırılması, vergidən yayınma və s. üzrə ittiham irəli sürülüb.
Istintaqın bildirdiyinə görə, C.Hacıyevin göstərişi ilə ümumi məbləği 900 mln. manat həcmində pul vəsaitinin manat və xarici valyuta leqallaşdırılması məqsədilə çoxsaylı kredit müqavilələri bağlanıb. Həmin vəsaitlər mənimsəmə məqsədilə bankın hesabından başqa hesablara köçürülüb.
İstintaq C.Hacıyevi keçmiş deputat Dünyamin Xəlilov və digər 20 nəfərlə birlikdə 4,7 milyard manatı məminsəməkdə ittiham edib.
Bundan əlavə, istintaqın məlumatına görə, C.Hacıyev D.Xəlilov (2011-2014-cü illərdə “Aztorq” MMM-nin faktiki rəhbəri olub) ilə birlikdə 1 mln. 752 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməyiblər.
Turan