Vasif Sadıqlı
“Ölmək bir şey deyil, amma bu cür yaşamaq da bir şey deyil”. Bu aforizmi o gün tanışlardan biri “Dünyaya sığmıram, yaşaya bilmirəm, içimdə səbəbini anlamadığım bir diskomfort var” deyə gileylənəndə istehsal elədim. Qarğı kimi qara saçlarını yolmaq, güz alması kimi al yanaqlarını dartıb yırtmaq, proto və post avanqard düşüncə dolu başını divara vurmaq istəyirdi tanışım.
Bu, qeyri-adi bir hadisə deyildi. Orta statistik azərbaycanlıların çoxu bu ovqatdadır və onların böyük qismi niyəsini heç özü də bilmir. Bircə şey bilir: belə olmaz! Bəzən isə arqument əvəzinə psevdoarqumentlər sadalayırlar.
Tanışımı ovundurmaq üçün yalandan-gerçəkdən bir az toxudum. Kafkanı qınadım: “Xəstə adam idi, oxuyursan, özünün və obrazlarının ovqatı sənə keçir. Bu diskomfortdan qurtulmaq istəyirsənsə, psixoloji problemləri olmayan yazar tap, optimistləri oxu” dedim. Bir az haqlı idim, bir az da yox. Bu reseptə müsahibim bir az inandı, amma özüm o qədər də yox. Bəyəm bu gün stressin əlində əsir-yesir olanların hamısı Şopenhauer-filan oxuyur? Əlbəttə, yox! Əslində bu cəmiyyətdə dalğın və düşüncəli olmaq sağlamlıq əlamətidir. Bu ölkədə şad və xürrəm olanlarda patologiya axtarmaq lazımdır, nəinki könlü sınıqlarda. Bu şişman vücudlar ki var, bunlar Qarabağsızlıq dərdi, əxlaqi deqradasiya, bu qədər həmvətənin səfaləti ilə cibidoluluq nəşəsini toplayib yari böləndə necə olur ki, müsbət saldo alırlar, İlahi?! Bu istedad bunlarda hardandı?
Uzaq qalaktikalardan tutmuş burnumuzun ucundakı ağcaqanada qədər kainatda hər şeyin bir-birinə münasibəti, təsir və əks-təsiri var. Hansısa evdə bir körpə ac olanda beş məhəllə o tərəfdə dibçəkdəki güllər bunu hiss edir, qəfəsdəki bülbül bunu hiss edir, sərv ağacı bunu duyur, məcnun söyüd bunu duyur, amma qalın qafalı, qalın gönlü vücudlar bunu duymur. Dünyada elə bir məmləkət az tapılar ki, bir tərəfdə varlığın və çoxluğun yaratdığı iyrəncliklər, o biri tərəfdə yoxsulluq və səfalətin yaratdığı diskomfort beləcə “dinc, yanaşı” yaşasın.
İnsanda və onurğalı heyvanlarda vestibülyar aparat deyilən bir nəsnə var. Vəzifəsi başın və bədənin fəzada vəziyyətinin dəyişməsini, habelə bədənin hərəkət və istiqamətini qavramaqdır. Vestibülyar aparat pozulanda hərəkətlərdə koordinasiya pozulur, bədən müvazinətini itirir və s. Sanki vestibülyar aparatımız pozulub. Əl oğurlayır, dil vətəndən danışır… Qulaq bir şey eşidir, göz başqa şey görür. Bizi depressiyaya sürükləyən də bunlardır, bəlkə…
…İlk dəfə ötən əsrin əvvəllərində Almaniyada qeydə alınıb. Bir qadının sol əli özünün boğazından tutub boğurmuş. Qadının boğazını sol əlindən güclə alıb xilas ediblər. Tibdə buna “yad əl sindromu” adı verilib…
…Sanki bir yad əl bizi boğur. Kənardan bizə düşmən laızm deyil. Bizi özümüzlə baş-başa qoymaq kifayətdir.
RƏVAYƏT. Deyilənə görə, Teymurləng İldırım Bayazidin üstünə gedəndə Azərbaycanda düşərgə salır. Səhər durub ətrafı seyr edirmiş. Qarşıdakı dağı göstərib bələdçidən soruşur: “O dağın adı nədir?” Bələdçi deyir: “Ağrı dağı”. “Bəs o çayın adı nədi?” “Əyriçay” “Bəs o kəndin adı nədi?” Bələdçi deyir: “Oğruca kəndi”. Teymur deyir: “Çadırları sökün, köçürük. Bunların ağrısı, əyrisi, oğrusu öz içindədi. Burda bizə ehtiyac yoxdu”.
Xeyirli çərşənbələr…