Məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsində keçirilsə də, saytda Gəncədə keçirildiyi qeyd edilir
“Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işinin istintaqı müvəffəqiyyətlə aparılıb. Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa, radikal diniyönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş, 1 nəfər barəsində isə həbsli axtarış elan olunmuşdur. Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir”.
Bu sözləri fevralın 7-də keçirilən Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanlarının 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Zakir Qaralov deyib.
Maraqlıdır ki, Gəncə hadisələri – istər 3 iyul 2018-ci ildə şəhərin icra başçısı Elmar Vəliyevə sui-qəsd, istərsə də iyulun 10-da baş verənlər və buna görə tutulanların məhkəmə prosesi Bakının Sabunçu Rayon Məhkəməsində gedir. Baxmayaraq ki, məhkəmənin mərkəzləşdirilmiş saytında proseslərin Gəncə Ağır Cinayətlər Məhkəməsinin zallarında keçirildiyi yazılır. Belə anlaşılır ki, Sabunçu Rayon Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin zalı rolunu oynayır. Bu səbəbdən bir çoxu, hüquq müdafiəçiləri və jurnalistlər həmin məhkəmələrdən gec xəbər tutub. Üstəlik, sonradan prosesə gedən bir-iki jurnalistə də məhkəmə zalında hər hansı qeyd aparmağa imkan verilmir. Hakim jurnalistlərə akkreditasiyadan, qeydiyyatdan keçməyi məsləhət görür. Bununla bağlı hakimə irad bildirəndəsə, o, yalnız dinləməyə icazə olduğunu deyir. Görünür, hadisələr vaxtı baş verənləri ictimaiyyətdən gizli saxlamağa çalışırlar. Mühakimə olunanlar tutulduqları vaxt ailələrindən gizlin saxlanıldıqları kimi…
Məhkəmənin Gəncədə deyil, Bakıda yarıgizli keçirilməsi də proseslərə az adamın gəlməsi məqsədilə düşünülüb. Müşahidəçilərin fikrincə, proses Gəncədə keçirilsəydi, təqsirləndirilənlərin ailə üzvləri, yaxınları məhkəmə iclaslarına gələcək, qələbəlik olacaqdı. Adamların uzaq yolu gəlməyə imkanları olmadığı səbəbindən belə addım atılıb…
Demək olar, təqsirləndirilən şəxslərin hamısı dövlət hesablı vəkillə təmin olunub. Elə məhkəmənin başlamasından ictimaiyyətin xəbərsizliyinə səbəb həm də bu amildir. Bu halda müdafiə sadəcə yola verilir. Vəkillər ictimaiyyətin, jurnalistlərin dəstəyindən yararlanmır. Çünki müdafiə formaldır, dövlət hesablı vəkil nə qədər əziyyət çəksə belə, dövlətin ona ayırdığından artıq ala bilməyəcək. Üstəlik, onların bu məhkəmələrdə tapa bilmədikləri ədaləti (tapmaq istəyənlərin) Avropa Məhkəməsində axtarmaq niyyəti də olmur. Beləcə, əslində, kimin haqlı, kimin haqsız olduğu ortaya çıxmır; Azərbaycan məhkəmələri onsuz da Femida xanımın xidmətindən çoxdan imtina edib. Dövlət hesablı vəkillər də, konkret Sabunçu prosesində, hər hansı məsələ, ya da vəsatətlə bağlı hakimə müraciətə “qadan alım, başına dönüm, möhtərəm hakim” sözlərilə başlayır, heç bir sözlə hakimi incitməməyə çalışırlar. Baxmayaraq ki, təqsirləndirilən şəxslər şüşə qəfəs içində qolu qandallı saxlanılır. Jurnalistlərə prosesi işıqlandırmağa imkan verilmir, açıq məhkəmə iclasında bu qanunsuz qadağaya da vəkillərdən reaksiya yoxdur.
Məsələn, fevralın 7-də Sabunçu Rayon Məhkəməsinin 8-ci zalında keçirilən (məhkəmənin saytında yazılanlara inansaq, bu proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2-ci zalında keçirilib) prosesdə vəkillərdən biri müdafiə etdiyi şəxslə bağlı çox yumşaq şəkildə vəsatət qaldırdı. 2018-ci iyulun 11-də saxlanılan müvəkkilinə yalnız 9 gün sonra – iyulun 20-də ittiham irəli sürülüb. 9 gün ərzində onun harada olduğu, necə saxlandığı barədə ailəsinə heç bir məlumat verilməyib. Vəkil bunun araşdırılmasını istəyirdi. Başqa vəkillər də vəsatəti müdafiə etdi. Valideynlərin sözlərinə görə, tutulanların, demək olar, hamısı belə xəbərsiz saxlanılıb, günlərlə ailələri yaxınlarını axtarıb. Hakim bu məsələylə bağlı sorğu veriləcəyini, növbəti proseslərdə buna aydınlıq gətiriləcəyini bildirdi.
İti gözlü şahid
Gəncə Ağır Cinayətlər Məhkəməsinin Sabunçu Rayon Məhkəməsinin 9-cu zalında (məhkəmənin saytında yenə Gəncə Ağır Cinayətlər Məhkəməsi, zal 2 göstərilib) fevralın 8-də keçirilən növbəti prosesdə hakim dindirmək üçün 10 şahid qaldığını dedi, ancaq bu şahidlərin heç biri məhkəməyə gəlməmişdi. Onlardan bəziləri ölkə xaricində, biri hərbi xidmətdə olduğundan prosesə qatılmayıb. Hakim şahidlərdən üçünün məhkəməyə teleqram göndərdiyini, ifadələrini təsdiqlədiklərini dedi. Hakim həmin ifadələrin oxunmasına təqsirləndirən şəxslərin və müdafiəçilərinin etiraz edib-etmədiklərini soruşdu. Hamı razılaşdığından ifadə oxundu. Ancaq bundan qabaq hakim jurnalist Arzu Abdullanı zaldan çıxardı açıq məhkəmə iclasında qeydiyyatdan keçmədiyinə görə…
Sonra ifadəni oxudu. Şahid ifadəsində bildirib ki, həmin gün hadisə yerindən 100 metr məsafədə olub. Qəfildən uzaqdan qara çadralı qadınların və qara paltarlı kişilərin qışqıra-qışqıra meydana doğru yürüdüyünü görüb. Onun ifadəsinə görə, aksiyaçılardan biri əlində qılınc polis işçisinə hücum çəkib və onu sağ nahiyədən vurub. Şahid hətta zərbənin hardan vurulduğunu belə dəqiq təsvir edib; 100 metr məsafədən…
Sonra hakim o biri ifadələrə ötəri baxdı və təxminən “eyni məzmunlu, oxşar ifadələrdir” deyib oxunmasına zərurət olub-olmadığını soruşdu. Vəkillər oxunmamasıyla razılaşdılar. Yeri gəlmişkən, vəkillərdən 2-si prosesdə iştirak etmirdi, onlardan biri icazə almışdı, biri isə yubanırdı. Hakim vəkilin iştirakına ehtiyac olduğunu deyib fasilə elan etdi.
Fasilədən sonrasa şübhəli jurnalistlər zala buraxılmadı. Gəncə hadisələrində təqsirləndirilənlərin açıq məhkəmə prosesi beləcə davam edir.
Xatırlatma
“2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.
Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.
Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Bu məlumatı Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə yaymışdı.
Rövşən Hacıbəyli, meydan.tv
P.S.Prokurorluğun göndərdiyi başlıqların heç biri uyğun gəlmədi.