2018-ci il ölkə əhalisinin sayı 83 min 372 nəfər və ya 0.8 faiz artıb.
Dövlət Statistika Komitəsinin (DSK) bu gün, fevralın 18-də yayılan məlumatında bildirilir ki, 2019-cu il yanvarın 1-də Azərbaycanda əhalinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb.
Əhalinin 52.8 faizini şəhər, 47.2 faizini kənd sakinləri, 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edib.
Əhalinin sayı artsa da, əvvəlki illə müqayisədə doğum azalıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 2018-ci ildə 138 min 982 nəfər doğulmuş körpə qeydə alıblar. DSK-nın səhifəsində yer alan məlumata görə, 2017-ci ildə isə bu rəqəm 144 min 41 nəfər təşkil edib.
Ötən il ölkədə 57 min 250 də ölüm halı qeyd edilib.
Evlənən azalıb, boşanan çoxalıb
«Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 62 min 484 nikah və 14 min 857 boşanma halları qeydə alıblar»,-DSK nın məlumatında yazılıb. Evlənən azalıb, boşanan çoxalıb. 2017-ci ildə ölkədə 62 min 923 nikah və 14 min 514 boşanma qeydə alınmışdı.
Azadlıq radiosu