Dünyanın az qala bütün demokratik təsisatları Azərbaycanda xalqın hakimiyyəti dinc yolla dəyişdirməsi haqqının əlindən alındığını deyir. Bu o deməkdir ki, hakimiyyəti qəsb etmiş cinayətkar qrup əlində olan maliyyə və zor resurslarından yararlanaraq seçkiləri istədiyi kimi saxtalaşdırır və onun nəticələrini (artıq dəfələrlə sübut olunduğu kimi) öncədən müəyyən edir. Belə bir şəraitdə xalqı seçkiyə ümidləndirmək, seçki yolu ilə böyük dəyişikliklərə nail ola bilmək çağırışları etmək iki cür yozula bilər. Birincisi, təmsil etdiyi siyasi qrup üçün bir-iki tulapayı mandat qazanmaq, ikincisi isə, siyasi korluq. Sonuncu seçkilərdə hətta, zahirən müxalifətçi kimi tanınan, əslində isə heç bir siyasi nüfuzu olmayan şəxslərin də parlamentə buraxılmamasının səbəbi çox aydındır. Hakimiyyət, kütləvi xalq hərəkatının başlayacağı halda bu adamların bazasında demokratik qüvvələrin parlamenti xalqın xeyrinə işlədəcəyindən qorxur. Parlamentdə elə bir adam olmamamalıdır ki, sabah xalqın təzyiqi ilə o qanunverici hakimiyyətin başına gətirilə bilsin və ölkədə demokratik islahatlara start verilsin.
19 yanvar mitinqinin kütləviliyi fonunda baş verən hadisələr, hakimiyyətin belə mitinqlərin kütləvi xalq hərəkatına çevrilə biləcəyi ssenarisindən heyvani bir instiktlə qorxduğunu sübut etdi. Ancaq qorxunun əcələ faydası yoxdur deyiblər. Hakimiyyətin hətta, xalqın özünə qarşı güclü nifrət hissinin coşmağa başlamasını görməsi də onu ağıllandıra bilmədi. Çünki bunun üçün lazım olan intellekt və vicdan hakimiyyəti təmsil edənlərdə əsla yoxdur. Onlar cüzi nəticələri olan yarımçıq islahatlar aparmaq və bunları hay-küylü təbliğat kompaniyası ilə reklam etməklə vəziyyətdən çıxa biləcəklərini və hakimiyyətlərini qoruya biləcəklərini düşünürlər. Bunun üçün xalqı çaşdırmağa xidmət edən bütün vasitələr işə salınır, yalançı müxalifət kimi yetişdirilmiş meymunları sosial şəbəkələrdə oynatmaqdan tutmuş, müxtəlif islahatlar şousu göstərməyə qədər bütün çirkin vasitələr işə salınır.
Mənə elə gəlir ki, hakimiyyət indi onu qəsb etmiş qrupun əlində qaldıqca, ölkədə heç bir əsaslı islahatın aparıla bilməməsini, o sıradan heç bir demokratik seçki keçirilə bilməməsini anlamaq üçün çox da böyük intellekt tələb edilmir. Ən kiçik miqyaslı islahatlar, ən sadə demokratik seçki, oğurlamaqdan və yalanlarla gözə kül üfürməkdən başqa əlindən heç nə gəlməyən bu hakimiyyətin iflası deməkdir. Onlar bu iflasın arxasınca, törətdikləri çirkin əməllərə görə cavab verməli olduqlarını da çox gözəl bilirlər. Xalqın iradəsini bir yerə toplaya biləcək istənilən təşkilatlanma, birlik və toplanış bunların başının ağrısı, gözünün qorxusudur.
Ona görə də, “ilan ulduz görməyincə ölməz” misalında deyildiyi kimi, bu iqtidar da xalqın iradəsini, gücünü nümayiş etdirən hərəkatları görmədikcə ortadan qalxan deyil. Bu baxımdan, müxalifətin kütləviləşməyə başlayan mitinqləri bir gözəl başlanğıc rolunu oynaya bilər. Müdriklərin dediyi kimi, gözəl başlanğıc, görüləcək uğurlu işin yarısı deməkdir. 23 fevral mitinqinin uğurlu alınmasından çox, özüdə lap çox şeylər asılıdır. Onu daha kütləvi edə bilmək, ölkəmizin yaxın gələcəyinə ümidlə baxmaq üçün inandırıcı səbəbə çevrilə bilər.