AXCP üzvü, iqtisadçı Rövşən Quliyev həbs olunub. Ona 30 sutka inzibati həbs cəzası verilib. R.Quliyev uzun müddət AXCP Rəyasət Heyətinin üzvü və siyasətdə fəal olub. Lakin 4-5 ildir ağır xəstəliklərdən əziyyət çəkir və səhhətində problem yaranandan AXCP rəhbərliyindən də, siyasətdən də gedib. Onu fevralın 18-də həbs ediblər. Həbsdən sonra evində axtarış aparılıb və kompüteri götürülüb.
AXCP rəhbərliyi bildirir ki, həbsin siyasi olduğuna şübhə yoxdur. Partiya sədri Əli Kərimli bu həbsə görə ölkə başçısı və daxili işlər nazirinə səslənərək Rövşən Quliyevin həyatına məsuliyyət daşıdıqlarını bildirib:
“Aydındır ki, iş siyasidir. Ancaq paradoks ondan ibarətdir ki, Rövşən bəy artıq uzun illərdir heç bir siyasi fəaliyyətlə məşğul deyil. Rövşən bəy ağır xəstədir, məhz səhhətində yaranmış ciddi promlemlə bağlı 4-5 il bundan qabaq partiyanın Rəyasət Heyətindən və ümumiyyətlə siyasətdən gedib. Son 4-5 il ərzində Rövşən bəy və ailəsi yalnız onun müalicəsi ilə məşğul olub. İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən bəyin həyatı üçün məsuliyyət daşıyırlar. Rövşən bəy indi əlinizdədir, öyrənin görün necə ciddi xəstədir. Ailəsi ilə xəstəlik tarixini, hansı xəstəliklərdən necə müalicə aldığını dəqiqləşdirin. Rövşən bəyi təcili azad edin!”