Uzun müddət idi Müdafiə Nazirliyi onun dərmanla təminatına kömək etmirdi
Bu gün günorta saatlarında Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə alan istefada olan polkovnik-leytenant Əliyaz Ələddin oğlu Mirzəyev uzun sürən onkoloji xəstəlikdən (xərçəngdən) sonra vəfat edib.
Bu barədə Müdafiə Nazirliyi saytında xəbər yayıb.
Qeyd edək ki, səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin noyabr ayında ordu sıralarından istefaya çıxan Ə.Mirzəyevin müalicəsi Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında, eləcə də Müdafiə Nazirliyinin xətti ilə ölkənin müxtəlif tibb müəssisələrində və 3 dəfə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirilib.
İstefada olan polkovnik-leytenant Ə.Mirzəyevin cənazəsinin Türkiyə Respublikasından Bakıya gətirilməsi və dəfn mərasimi ilə bağlı müvafiq tədbirlər Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Polkovnik-leytenantın ölümü ilə bağlı jurnalist Sevinc Vaqifqızı da Facebook profilində status paylaşıb:
“”Hərbçi yoldaşlar mənə hesab açıblar, pul göndərirlər, utancvericidir. Sinif yoldaşlarım, qızlar mənə pul göndərirlər, utancvericidi. Belə olmamalıdır. Onlar məni heç vaxt belə görməyiblər”. Polkovnik-leytenan Əliyaz Mirzəyev ağciyər xərçəngindən əziyyət çəkirdi. Uzun müddət idi Müdafiə Nazirliyi onun dərmanla təminatına kömək etmirdi. Təxminən 1 həftə əvvəl yazdım ona, yoldaşı dedi, Türkiyədədir, xəstəlik metastaz verib, müalicə alır. Bu gün öyrəndim ki, vəfat edib. Ruhunuz şad olsun, cənab polkovnik”.
Şərhə ehtiyac yoxdur.