Demokratik Qüvvələrin Milli Şurasının 23 fevralda keçirmək istədiyi mitinqinə icazə verilməyib.
BŞİH mitinqin keçirilməsinin məqsədəuyğun olmadığını qeyd edib.
Milli Şuranın Koordinasiya Mərkəzindən verilən məlumata görə, BŞİH-də müraciətə baxılıb və müxalifətin fevralın 23-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.
Sonuncu mitinq yanvarın 19-da keçirilib. Mitinqin əsas tələbi Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq idi.
Mitinqdən sonra Bakı Şəhər Polis İdarəsinin açıqlamasında ictimai asayişin pozuntusu hallarının qeydə alınmadığı bildirilmişdi.
Ancaq 3 gün sonra Daxili İşlər Nazirliyindən yayılan açıqlamada mitinqdən sonra ictimai asayişi pozanların olduğunu və onların cəzalandırıldığı deyilirdi.