“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli martın 18-də Xətai rayon polis idarəsində şahid qismində dindirilib. Dindirmə fevralın 26-da AXCP fəalları Xocalı soyqırımı qurbanları Abidəsini ziyarət edərkən baş vermiş insident faktı üzrə cinayət işi ilə bağlı olub.
Cinayət işi özünü “videobloger” kimi təqdim edən Ata Abdullayevin şikayəti əsasında açılıb. Əslində o, küçə aksiyaları və tədbirlər zamanı müxalifətçilərə hücum edir, münaqişələrə səbəb olur, etirazçıların saxlanılmasında iştirak edir.
Mirələmlinin sözlərinə görə, Ata Abdullayev yenə kobud danışır, AXCP üzvlərini və şəxsən Əli Kərimlini təhqir edirdi. “Mən ona yaxınlaşdım və xuliqanlığa son qoyması barədə xəbərdarlıq etdim. Amma o, polislərin gözü qarşısında kobud danışmağa davam etdi. Bundan sonra isə o özü polisə guya mənim onu vurmağım barədə şikayət verib”, deyə Mirələmli Turan agentliyinə bildirib.
Günlər sonra o, Xətai rayon 37-ci polis idarəsinə çağırılıb və ondan izahat alınıb. Bu gün jurnalistə rəsmi olaraq bildiriblər ki, fakt üzrə CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
“Müstəntiq Samir Ağayev məndən ifadə alıb. O, məni Ata Abdullayevlə üzləşdirmək üçün bir daha çağıracaqlarını bildirib. Bundan sonra müstəntiq qərar qəbul edəcək”, deyə jurnalist bildirib. O, Abdullayevi vurmadığını qeyd edib.
Maraqlıdır ki, Təzəxan Mirələmli polisə AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının nümayəndəsi ilə görüşdən imtina etməsindən sonra çağırılıb.
Dövlət başçısı İlham Əliyev parlamentdə çıxış edərkən narazılığını gizlətməyib, Kərimlinin bu addımını “marginal müxalifətin hakimiyyətlə dialoqdan imtinası” adlandırıb.
Qeyd edək ki, Abdullayev Mirələmlinin azadlıqdan məhrum edilməsini tələb edir.
DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.
221.1-ci maddə ilə Mirələmli min manatdan üç min manata qədər (600-1800 dollar) cərimə və ya bir ilə qədər islah işləri, yaxud bir ilə qədər azadlığın məhdudlaşdırılması və ya bir ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.