Belə düşüncədə olan birisinin ölkəyə rəhbərlik etməsi böyük faciədir
Milli Şuranın sədri Cəmil Həsənli
Bu gün İlham Əliyev Novruz Bayramı ilə bağlı Azərbaycan xalqına ünvanlanmış ənənəvi təbrikini bəyan edib. Amma təbrikdə qeyri-ənənəvi olan ciddi məqamlar var. Tarixən Növruz barış bayramı kimi milli yaddaşda oturuşsa da, ölkə başçısı bölücülük, təhdid, ayrıseçkilik dolu nifrət püskürüb. Global virus təhlükəsi qarşısında aciz qalan bir rejim Azərbaycan xalqını deyil, cəmiyyəti qorxu altında saxlamaqla öz ailə hakimiyyətini xilas etməyin kontrlarını ortaya qoyub. İlham Əliyev bayram təbrikində onun ölçülərinə, çızdığı xətlərə uyğun gəlməyən, cibinə yerləşməyən gerçək müxalifətlə bağlı deyib: “Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik”. Görünən odur ki, İlham Əliyev korona təhlükəsindən tez, onun yuxusunu ərşə çəkən müxalifət sindromundan müalicə olunmaq istəyir.
Bu sözlər 1937-ci ildə Stalinin məşhur “sosializm quruculuğu dərinləşdikcə siyasi mübarizə də kəskinləşir” fikrinin XXI əsrin Azərbaycanda təzahürüdür. Bu ideya zəminində Stalin vaxtı ilə milyonların qətlinə fərman verdi. Görünür, İlham Əliyev də koronavirus təhlükəsindən müxalifətdən canını qurtarmaq məqamı kimi istifadə etmək istəyir. Bu sözlərin açıq izahı ondan ibarətdir ki, fövqəladə vəziyyətin verdiyi imkanlardan istifadə edib müxalifətçiləri tutub koronavirus xəstələrinin yanına qatmaq lazımdır ki, ölkədə “sabitlik” olsun. Bəli, indi o, artıq rola girmir, daha çox özü kimi görünür, öz feodal düşüncəsini, öz xəstə təxəyyülünü ortaya qoyur. Belə düşüncədə olan birisinin ölkəyə rəhbərlik etməsi böyük faciədir, böyük fəlakətdir.
Global təhlükə qarşısında xalqlar və hökumətlər, siyasi qurumlar birləşirlər. Hələ heç vaxt indi olduğu kimi bu birliyə, insanlığı təhdid edən böhrandan birgə səylərlə xilas olmağa bu qədər ehtiyac yaranmamışdı. Əslində, global təhlükəyə qarşı birgə mübarizə səylərinin ortaya qoyulması yeganə nicat yolu kimi görünür.
Amerika seçkilər ərəfəsindədir. Bir qayda olaraq hər seçki ərəfəsində partiyalar arası qarşıdurmalar daha da kəskinləşir, kompromatlar savaşı daha da dərinləşir. Amma virus təhlükəsi seçki ərəfəsində belə demokratlarla respublikaçılara öz partiya maraqlarından daşınıb millətin maraqlarını önə çıxarmağı diqtə edirdi. Bu, baş verdi. Milli xilas naminə hər iki partiya öz təkəbbürlərin bir kənara qoyub birgə səylərə üstünlük verir. Fransada Makron, Almaniyada Merkel, Böyük Britaniyada Conson xalqı bu bəladan qurtarmaq üçün tək sosial paketləri deyil, milli həmrəyliyi, siyasi, milli və mənəvi yekdilliyi də vacib şərt kimi önə çəkirlər.
Bəs bizdə nə baş verir? Böhranın doğurduğu vəziyyətin diktəsi altında İlham Əliyev koronavirusdan öncə fövqəladə “qanunlar” vasitəsilə öz siyasi əlehdarları ilə haqq-hesab çəkmək, onları təxirəsalınmaz fövqəladə addım kimi məhv etmək istəyir. Adam bunun açıq anonsunu verir. Nasistlər də Almaniyada vaxtı ilə belə başlamışdılar, belə çağırışlar etmişdilər. İlham Əliyev faktiki olaraq vaxtı ilə nasist Almaniyasının yəhudilərə qarşı etdiklərin Azərbaycan müxalifətinə qarşı tətbiq etmək istəyir. Bu çağırışın ayrı adı yoxdur.
İlham Əliyev niyə isterikadadır? Bu çağırış müdrik ağlın deyil, qorxunun təzahürüdür. Öz xalqından qorxunun təzahürü. Dünyanın aşağı – yuxarı 130-dan çox ölkəsində koronavirus qeydə alınıb. Bu 130 ölkənin içərisində tibbi sığortası olmayan, təhlükə qarşısında tibbi, sosial baxımdan müdafiəsiz qalan tək Azərbaycan xalqı, Azərbaycan vətəndaşlarıdır. İlham Əliyevin 17 illik idarəçiliyi dövründə 200 milyard dollardan çox neft pulları gəlib ölkəyə və bu gün global virus təhlükəsinin qarşısında ölkə vətəndaşları tibbi sığortasız qalıb. Dünya Səhiyyə Təşkilatının eksperti bu yaxınlarda Azərbaycandakı vəziyyətlə tanış olduqdan sonra həyəcan zəngi çaldı ki, bu ölkədə virus təhlükəsinə qarşı elementar tədbirləri həyata keçirməyə hazır deyil, vəziyyət ağırlaşa bilər. Səhiyyə üçün ayrılan vəsaitləri basıb yeyiblər. Tibbi sığorta bir tərəfə qalsın, bu ölkənin dövlətə məxsus tibb müəssisələrində bir çimdik pambığı da, bir əlcə binti də vətəndaşa pulla satıblar, reanimasiya otaqlarının pulunu hotel odası kimi xəstələrə ödətdiriblər. Bayram təbrikində məhz ölkənin səhiyyə sahəsini belə vəziyyətə saldığına görə İlham Əliyev xalqdan üzr istəməli və bunun hesabatın verməli idi.
Koronavirusla yanaşı Azərbaycanda ikinci qlobal təhlükə korrupsiyadır və onun da başında İlham Əliyev və onun ailə üzvləri dayanır. Ölkənin ağır sarsıntılar içərisinə girməsi onun korrupsiya şəbəkəsini, ailə “biznesini”, ailə üzvlərinə məxsus ofşor heasablarını təhlükə altına qoyur. Balaca Azərbaycanın böyük bir korrupsiya imperiyası var və bu imperiyanın həşəmətli imperatoru da İlham Əliyev özüdür. Sözün tam mənasında o, zəmanəmizən ofşor kralıdır. Ölkənin sərvətlərin daşıyıb ofşorlarda yerləşdirənlər, ərazisi işğal olunan vətənin müdafiə xərclərin daldalayanlar, Rusiyada silah müamiləsindən “otqatları” ofşor hesablara yönəldənlər, qiymətlərin şişirdilməsi ilə büdcəni talayanlar, hakim elita ilə korrupsiya ortaqlığına girib ölkəyə süpürgə çəkənlər, Müdafiə Nazirliyinin büdcə vəsaitlərin London şirkətlərinə yönəldənlər vətən xaini olmur, bunu dilə gətirən müxalifət “vətən xaini”, “düşmən ünsür”, “beşinci kolon” olur. Bu sözləri ekran qarşısında millətə demək üçün bir az utanc hissindən uzaq olmaq lazımdır.
İlham Əliyevin bu illər ərzində əsas dayağı olan neftin qiyməti sürətlə düşür. Əgər bu vəziyyət bir az da davam etsə, görünür əsəbləri tab gətirməyən ölkə başçısını çildağa aparmalı olacaqlar. Qlobal böhranın haqladığı Azərbaycanın hazırda neftdən başqa ayrı həyat mənbəyi yoxdur və onun da qiyməti sürətlə aşağı düşür. Qeyri-neft sektoru haqqında yekə-yekə danışıb daşı-daş üstə qoymadılar, işgüzar həyat iflic olduğu üçün vergi daxilolmaları təhlükəli həddə enib, kömrük daxil olmaları yarıdan çox azalıb. Ərzaq və qida məhsulları idxal üzərində oturduğundan ölkə real təhlükə ilə üz-üzədir. Bunların bəzi obyektiv səbəbləri olsa da, vəziyyətin belə kritik xarakter alması daha çox subyektiv amillər, yarıtmaz idarəçilik, hüdudsuz monopoliyalar, sərhədsiz korrupsiya ilə bağlıdır. Bunun məsuliyyəti isə bilavasitə İlham Əliyevin üzərindədir.
İlham Əliyevi əsəbləşdirən nədir? O, islahat nağılı ilə dünyanı aldada bilmədi. Bir il bundan əvvəl elə Novruz bayramı təbrikində islahatların dönməz xarakter alacağını vəd etsə də, ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı illik hesabatı onun islahatlarının gercək mahiyyətini faktları sadalamaqla qoydu ortaya. Təkcə bu sahədə baş verən acınacaqlı faktların sadalanması İlham Əliyevin islahat düşüncəsindən nə qədər uzaq olduğunu bütün çılpaqlığı ilə göstərdi. Onun islahatının ən rüsvayçı sonucu isə saxta, təyinatlı, millətin iradəsin ifadə etməyən parlamentin xalqa göz dağı olmasından başqa bir şey olmadı. ATƏT DTİHB öz rəyində bunu açıqca ifadə etdi. İndi böhran qarşısında xalqın etimadını itirmiş rejim, etimadsız parlamenti islahat kimi sırısa da, bir şey alınmır.
İlham Əliyevin dialoq immitasiyası iflasa uğradı. Onun əsəblərini tarıma çəkən də budur. O, seçkidən əvvəl başlamalı olduğu “dialoqu” seçki sonrasına ertələməklə “dialoqun” subyektlərini ələ saldı, onu özünün sipərinə çevirməyə çalışdı, amma alınmadı. Bu çıxış özü də göstərdi ki, “dialoq” İlham Əliyev üçün taktiki gediş imiş, məqsəd yox. Həyat göstərdi ki, o, predmetli, məqsədli, milli maraqları özündə ehtiva edən dialoq düşüncəsindən çox uzaq olan bir feodaldır. Qərbin demokratiya, azad seçki tələblərinə qarşı “vahid cəbhə” formalaşdırmağı planlayırdı. Onun “vahid cəbhəsində” qurd quzu ilə otlamalı idi. Amma ümidlər doğrulmadı, İlham Əliyevin örüşə çevirdiyi məmləkətdə onun zaman-zaman idarə etdiyi cib müxalifətindən başqa “dialoq” tələsinə düşən olmadı. Dialoq əlbəttə mümkündür, bəlkə də vacibdir, amma kiminlə və hansı şərtlər, hansı prinsiplər çərçivəsində? Həyat göstərdi ki, İlham Əliyev və onun rejimi gercək dialoqa hazır deyil.
İlham Əliyev nəyə ümid bəsləyirdi? İslahat görüntüsü, dialoq oyunu, hakim ailənin maraqlarına xidmət edəcək siyasi “harmoniya”, saxta seçkilərin “zerkalnı” təəssüratı. Hamısı puç oldu. Onu özündən çıxaran da budur. Adam elə bilirdi ki, 3 il əvvəl Tbilisi küçələrindən oğurlatdığı Əfqan Muxatrlını azad edib Berlinə yola salmaqla dünya buna təşəkkür etməlidir. Etmədilər. Nəinki etmədilər, qalan siyasi məhbusların da azad edilməsin tələb etdilər. İlham Əliyev qəbul etmək istəmir ki, Əfqan oğurlanan vaxtlar neft 125 dollar idi, indi 25 dollara düşüb. Daha neftlə təşəxxüs satmağın dövrü arxada qalıb. Real gerçəkliklə ayaqlaşmaq lazımdır.
Ən nəhayət, bu ölkənin qurtuluşu bizim həyatımızdan keçirsə, biz onu verməyə hazırıq. İlham Əliyev bizi təhdidlə, hədə ilə, həbs və təqiblə qorxudtmasın. Dövlətin resursalarını səfərbər edib üzərimizə gəlməklə bizi hədələməsin. O, bəlkə də antikonstitusyon, qanunsuz, zorakı addımlarla müxalifəti zəiflədə bilib, amma xalqın müxalifəti ilə üz-üzə dayanıb. Ölkə əhalisinin 80-85 faizi onu bu günə salan İlham Əliyevə də, onun kleptokratik rejiminə də nifrət edir. Öz xalqına qarşı döyüşdə hələ heç bir diktator qələbə qazanmayıb. İlham Əliyev də öz xalqı ilə mübarizədə məğlubiyyətə məhkumdur. Bunun alternativi yoxdur: qələbə xalqındır!