Azərbaycanın yaxşı bir atalar məsəli var – “qozbeli qəbir düzəldər”. Əsl İlham Əliyevə yaraşan məsəldir. Adam 27 illik hakimiyyət dövründə də xalqın dilini öyrənə bilmədi. 17 il əvvəl hansı zorbalıqla prezidentlik kürsüsünü ələ keçirmişdisə, yoluna eləcə də davam edir. On yeddi ildir kürsülərdən küçə ritorikası ilə xalqa barmaq silkələyir, hədə-qorxu gəlir, təhqir yağdırır. Bugünkü bayram təbrikinə qulaq asan şəxs onun normal psixikaya malik dövlət başçısı olduğuna inanarmı? İnanmaz, vallah, inanmaz. Belə baxırıq ki, xalq buna boşuna Xudayar adı verməyib. Adam tam da Mirzə Cəlilin “danabaş kəndi”ndəki zorba Xudayar bəyidir ki, durub. Deyəsən zəmanəmizin Xudayarını neft qiymətlərinin aşağı düşməsi elə təlaşlandırıb ki, ekran qarşısına bayram təbriki üçün çıxdığını da unudub. Adam xalqa təbrik adına üç-beş kəlmə xoş söz demək əvəzinə, nifrət və söyüş püskürüb. Üstəlik, koronavirus bəlasını da hardasa “antimilli ünsürlərin” ayağına yazıb. Xülasə, bütün günahları yükləyib müxalif qüvvələrin boynuna. Görün, adam nə deyir: ” Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik.” Dünyanın hansı yerində prezident xalqına “düşmən” deyə müraciət edib, barmaq silkələyir? Bu isterika, bu təşviş, bu həyəcan nəyin səbəbidir, görəsən? Nəyin səbəbi olduğu bəlli. Əliyevləri koronavirus öldürməsə də, hakimiyyəti itirmək qorxusu öldürəcək.
Hələ söhbətin gerisinə qulaq asın: “Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər…” Oyuncaq diktator 17 illik hakimiyyəti dövründə müxalif fikirli bütün insanları sıradan çıxarıb, ürəyi soyumayıb, indi də xalqı qarşısına alıb. Hər fürsətdə vəziyyətdən istifadə edib, bir az da vaxt qazanmağa səy göstərir. Siz elə bilirsiniz koronoavirus, filan olun vecinədir? Qətiyyən. Adamın beynində hakimiyyət və onu itirmək qorxusundan başqa heç nə yoxdur. Beləcə, əlinə fürsət düşmüşkən, vintləri bir az da sıxmaq istəyir. Niyyəti də o qədər açıqdır ki, gizləməyi bacarmır, “fövqəladə vəziyyət elan edərəm, əzərəm” deyib hədə-qorxu gəlir. Əliyev siyasətə o qədər yabançı adamdır ki, belə çıxışları ilə özünü xalqın gözündən necə saldığını anlaya da bilmir. Amma hökumətdə onun yerinə narahat olan adamlar da az deyil. Onlar adamın belə anlaqsız mesajları ilə getdikcə xalqın daha çox nifrətini qazandığını hesablamamış deyillər. Lakin xalq öz qəhrəmanlarını da, klounlarını da yaxşı tanıyır və yaxşı qiymətləndirir.
Deyəsən dövrümüzün Xudayarı, ümumiyyətlə, çıxışında xalqı təbrik etməyi unutdu. Amma onun mənəvi xəstə olduğunu açıq şəkildə bəyan edənləri “milli satqın” adlandırmağı unutmadı. Narahat olmayın, onsuz da diktator Əliyev 17 illik prezidentliyi dövründə öz komandası ilə birlikdə kimlərin milli satqın olduğunu əməli ilə isbat edib. Hamı bu ailənin də, bu komandanın da Azərbaycan xalqına aid olmadığını yaxşı bilir. Öz xalqını sevən bir prezident bayram günü ölkə insanının qarşısına çıxıb, belə təhqiramiz təbrik çıxışı edərmi? Koronavirusa gəlincə….Əvvəlki yazımızda qeyd etdiyimiz kimi, bu ölkənin əsl koronavirusu diktator Əliyevlər hakimiyyətidir. Siz sadəcə, gigiyenik qaydalara əməl edin, immunitetinizi möhkəm saxlayın, bu adamın çıxışlarına da çox qulaq asmayın, yetər. Bayramınız mübarək!