AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
Uzun müddətdir ki, ölkədə demokratik dəyişikiklərin yolunun açılması üçün siyasi sistemdə iki qütblü sistemin formalaşmasının zəruri olduğunu vurğulayırdıq. Son saxta parlament seçkisinin yeganə müsbət tərəfi, siyasi sistemdə iki əks güc mərkəzinin dominantlğını fakta çevirməsi oldu. Bir tərəfdə inzibati və maliyyə gücü ilə dövlət hakimiyyətini əldə saxlayan iqtidar, digər tərəfıdə isə ictimai rəy gücü ilə narazı xalqı təmsil edən və mövcud iqtidara alternativ hesab olunan AXCP – Mili Şura tandemi.
Avtoritarizmdən demokratiyaya keçid etmiş bütün ölkələrin təəcrübəsi göstərir ki, demokratiyanın zəfəri üçün bütün müxaif qüvvələrin bir mərkəzdə kordinasiya olunmuş fəaliyyətləri zəruridir.
Müxalifətin güc mərkəzi
Saxta parlament seçkirindən sonra cəmiyyətin bütün narazı kəsiminin nəzərləri AXCP və Milli Şura ətrafında cəmlənib. Bu təkcə dünənə qədər müxalifətdə olduğunu idda edib, rejimlə əməkdaşlığa gedənlərin, loyallığı üzündən ictimai etimadı itirənlərin sıradan çıxması ilə bağlı deyil. Bu ilk növbədə AXCP-nin, onunla birlikdə Milli Şuranın prinsipial mübarizəyə sadiq qalması və bu hakimiyyətin haqsızlığına məruz qalanlara qucaq açması ilə bağlıdır. Hakimiyyətin bütün sahələrdəki siyasəti ən kəskin şəkildə məhz AXCP və Milli Şura rəhbərliyi tərəfindən tənqid olunub ifşa edilir. Bu rejimə qarşı indiyə qədər keçrilən əksər mitinqlər məhz bu təşkilatlar tərəfindən təşkil olunub. Bu fakt AXCP və Milli Şuranın cəmiyyətdəki nüfuzunu, insanların onların çağrışlarına inamını göstərir. Təəssüflə qeyd edək ki, xalqa xitab edib, minlərlə insanı meydana çıxaracaq ikinci belə bir qüvvə hələ ki, yoxdur. Bu gün sosial şəbəkələrdə ən böyük təbliğatçı və tərəfdar kütləsi də, məhz AXCP yə məxsusdur. Müsbət haldır ki, ölkənin ən tirajlı internet tv-ləri Milli Şura və AXCP ilə eyni mövqeləri bölüşürlər.
Cəmiyyətin haqsızlğa məruz qalan bütün kəsimlərinin hüquqları da, məhz hər zaman bu qüvvələr tərəfindən müdafiə olunublar. Nardaran işində dindarların, Gəncə və Tərtər hadisələrində işgəncə və zülmə məruz qalanların, polis zorakılığı ilə üzləşən feministlərin hüquqları ölkənin bütün təbəqələrinə qucaq açan AXCP tərəfindən müdafiə olunub. İdeoloji və mənəvi dəyərlər baxımından birbirindən kəskin fərqlənən insanların, bu gün, öz hüquqlarına dəstək üçün üz tutacağı tək ünvan AXCP və Milli Şura hesab olunur. Bu da onun mesajını verir ki, AXCP cəmiyyətin bütün kəsimlərində (istər böyük çoxluq, istərsə də ayrı ayrı marjinal qruplar olsun) öz mübarizəsinin səmimiliyinə və gələck hakimiyyətdə hər kəsin hüquqlarına təminat verəcəyinə inam yaradıb.
Mübarizə taktikasında birlik.
Son saxta parlament seçkisi AXCP və Milli Şuranın irəli sürdüyü dinc kütləvi meydan mübarizəsi konsepsiyasının nə qədər doğru olduğunu göstərdi. Seçkidən öncə saxta seçkidə iştirakı meydan mübarizəsinə qarşı qoyub, mitinqləri gözdən salmağa çalışanların nə qədər yanıldğını hər kəs gördü. İndi dəyişikliklər arzusunda olanların əksəriyyəti etiraf edir ki, kütləvi şəkildə meydanlara çıxıb, rejimi demokratik islahatlara və xalqın tələblərinə əməl etməyə vadar etməyincə, saxta seçkilər yolu ilə dəişikliyə nail olmaq mümkün olmayacaq. Bu da narazı elektoratın və mübarizə aparmaq istəyən ayrı- ayrı təşkilatlanmış qrupların AXCP və Milli Şura ətrafında təmərküzləşməsini zəruri edir. Çünki ayrı ayrılıqda heç kim və heç bir qrup AXCP siz təsirli kütləvi etiraz aksiyaları təşkil etmək iqtidarında deyil. Hətta kimlərsə AXCP – ni xoşlamasa belə, rejimin getməsi naminə mübarizədə əməkdaşlıq etməyin vacibliyini inkar edə bilməz. Çünki bu gün öz dini rituallarını yerinə yetirməkdə basqı ilə üzləşən dindar da, milli mədəni inkişafında maraqlı olan etnik qruplar da, etiraz hüququndan istifadə etmək istəyən feministlər və s. də məhz AXCP – nin iqtidara gələcəyi təqdirdə heç bir dövlət basqısı olmadan öz haqlarını gerçəkləşdirə biləcəklərkni artıq qəbul edirlər. AXCP nin qurmağı hədəflədiyi Qərb demokratiyası, Avropada olduğu kimi hər kəsin dünyagörüşünə sayğı, hüquqlarına təminat vəd edir. Ona görə də, AXCP – nin bütün ideoloji, dünyagörüş fərqliliyindən doğan zidiyyətləri və konfliktləri ölkəmizi avtoritarizm bəlasından qurtarana qədər təxirə salmaq təklifi, indiki halda ən səmərəli birləşdirici platforma hesab oluna bilər.
Lider birliyi
Təbii ki, hər bir mübarizə öz liderini də meydana çıxarmalıdır. Vahid güc mərkəzindən, müxalifətdə tək qütblü sistemdən danışıb lider məsələsini göz ardı etmək mümkün deyil. İndiki halda, heç şübhəsiz, bu statusun Əli Kərimlidə olduğunu görməməmək mümkün deyil. AXCP və Milli Şuranın müxalifətin əsas güc mərkəzinə çevrilməsi ilə paralel olaraq, Əli Kərimli də müxalif düşərgənin və elektoratın əsas lideri kimi qəbul olunur. AXCP və Milli Şuranın ən sərt basqılar və represiyalar şəraitində duruş gətirə bilməsi və ictimai rəydə hakim gücə çevrilməsi, aydındır ki, onun fəaliyyəti ilə bağlıdır. Bütün internet sorğularında bir qayda olaraq özündən sonrakıları bir neçə dəfə üstələməsi, internet tv – dəki çıxışlarına başqaları ilə müqayisə olunmaz dərəcədə kütləvi – yüzminlərlə insanın baxması, ən güclü təşkilati və təbliğati resuslara sahib olması, çox gərgin mübarizə məqamlarında həyatını risqə ataraq xalqla birgə meydanda olmağı bacarması, vətəndaş cəmiyyəti ilə siyasi müxalifəti birləşdirə bilməsi, ən başlıcası isə sadə xalqın böyük rəğbət və inamını qazanması, bir lider kimi onun üstünlüyünü təmin edir. Bu da gələcək fəaliyyətdə siyasi poseslərin daha səmərəli idarə olunmasına, çevik qərların verilməsinə və daha böyük ictima dəstəyin qazaılmasına imkan yaradır.
Bütün bu sadalanan məqamlar və neft böhranının yaradacağı gözləniln sosial siyasi nəticələr qarşıdan keyfiyyətcə yeni bir mübarizə mərhələsinin gəldiyini göstərir. Məhz iki qütblü sistemin yaranması avtoritar hakimiyyəti getdikcə daha çox cəmiyyətdən təcrid edərək, müxalif güc mərkəzi kimi AXCP və Milli Şura ətrafında cəmiyyətin bütün narazı kəsimlərinin təmərküzləşməsinə zəmin yaradacaq. Bu da demokratik dəyişikliklər uğrunda mübarizənin son və həlledici fazası hesab olunur.