Tankalrla edə bilmədiyini trollarla etmək istəyir
Mənim yaddaşımda Xalq Cəbhəsi sözü “Ermənilər gəlir” sözündən sonra qalıb. Ona görə də özünə dərin bir yer edib. 89-cu ilin payızı idi. Böyüklərin Qərbi Azərbaycandan deportasiya olunan qohumlarımızla söhbəti zamanı belə bir söz eşitdim. Sonra camaatın dilində belə bir söz var idi. Xalq Cəbhəsi ordu qurur. Kim idi bu Xalq Cəbhəsi? Hansı ölkədən, seçilmiş əsgər yığmışdı, hansı muzdlu döyüşçüləri var idi, iki ürəkli, dörd böyrəkli bu adamlar kim idi ki, insanların içində belə arxayınlıq yaratmışdı? Onlar elə kəndimizin içindən çıxmış, suyunu içib otunu biçən oğulları idi. Vətənin aciz duruma düşməyinə qeyrətləri yol verməmişdi. Sonra 20 yanvar oldu. Tankları sürdülər Xalq Cəbhəsinin üstünə. Onun strukturlarını dağıtmaq üçün. Alınmadı. Canımızdan canlar aldılar. Amma millətimiz yenidən canımıza can qatdı. Üstündən illər keçdi, Xalq Cəbhəsi bir türlü bu savaşdan tərxis ola bilmədi. Vətəni milləti dar gündə qoyub hara getsin, səngəri necə boşaltsın? İrtica yenə Xalq Cəbhəsini təcrid etmək, strukturlarını dağıtmaq istəyir. Bağrındn beş min şəhid vermiş bir təşkilatı türmələrlə zindanlarla ölümlərlə qorxutmaq kimin ağlıdır görəsən?! Bu millətin köksündə neçə Xalq Cəbhəsi yatır, bilirlərmi heç? Bilirlərmi ki, Tankların dağıda bilmədiyi təşkilatı trollarla dağıtmaq ağlı çox yaşamaz. Bizi öldürə bilərsiz, aramızdan gedənlər olmayıbmı heç? Polkovnik Eldar Bağırov, Polkovnik Allahverdi Bağırov, Polkovnik Şirin Mirzəyev, Ramiz Qəmbər, Polkovnik Əlyar Əliyev gedib bizim aramızdan, sıramızdan. Bizim gedəcəyimiz yer də onların yanıdır. Bizi nəylə qorxudursuz? Səadət Cahangir demiş:
lap axırı ölümsə,
sağ çıxmağı yasaqla,
ikimiz qalsaq sona,
mənə bir güllə saxla…