AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev
Sumqayıtda istehsal olunan tibbi maskanın qiymətinin neçəyə olması ilə bağlı hökumətə təklif yollayıblar. İndi oturub-durub ortaya elə qiymət çıxaracaqlar ki, yenə də bütün milləti şoka salacaqlar. Vaxtilə “Azərsun Holdinq” Xaçmaz Konserv və İmişli Şəkər zavodlarını işə salarkən daxili bazarlarda şəkər tozunun və konserv məhsullarının qiymətlərini 25-30 faiz bahalaşdırmışdı. Halbuki yerli istehsalın təşkili ucuzlaşma ilə müşayiət olunmalı idi…
Hazırda adi tibbi maskanın 1 ədədi 30 qəpiyə ticarət edilsə də, koronaviris ölkəmizə ayaq basan ərəfələrdə 3-4 qəpiyə alınıb-satılıb. Yəni hələ yerli istehsala başlanılmamışdan vəziyyətdən sui-istifadə edən işbazlar maskanı 10 dəfə bahalaşdırıblar. Güman ki, qəpiklə hesablandığına görə əhali bu 10 dəfə bahalaşmaya ciddi reaksiya verməyib. Amma “dama-dama göl olar” məsəli unudulmamalı, əhalinin ağır sosial vəziyyəti diqqət mərkəzində tutulmalıdır. “Onsuz da satılır”, “onsuz da əhali etiraz etmir” kimi qeyri-ciddi bəhanələrə yer verilməməlidir qiymətqoyma zamanı.
Maskanın qiyməti müəyyən edilərkən onun nisbətən sabit dövrdəki real qiymətinə istinad olunmalıdır. Nəzərə alınmalıdır ki, pərakəndə satış şəbəkələrində 3-4 qəpiyə satılan malın topdansatış qiyməti daha ucuz olur. Maska satışı üzrə pərakəndə ticarət əlavəsini 15%, topdan ticarət əlavəsini 5%, istehsalçı mənfəətini isə 25% hesablasaq, istehsalçı qiyməti 2,5 qəpik olmalıdır. Qəpiklə hesablansa da, bu faizlər çox yüksəkdir və istehsal-satış prosesinin əsas iştirakçılarının maraqlarını təmin edə bilən faizlərdir. Odur ki, hökumət (Tarif Şurası) tibbi maskanın qiymətini müəyyən edərkən bu gerçəkləri və yerli istehsal amilini mütləq nəzərə almalıdır. Maska satışını qazanc mənbəyi kimi hədəfləyənlər isə öz məqsədlərini daxili təlabatdan artıq olan hissənin ixracını artırmaq yoluyla reallaşdırmağa üstünlük verməlidirlər.